Redaksiyamıza azyaşlı oğlan uşağının anası və xalası tərəfindən evdə işgəncələrə məruz qalmasına dair məlumat daxil olması barədə xəbər vermişdik.
Anews.az saytına daxil olan məlumatda azyaşlı uşağın ayaqlarının bir-birinə zəncirlənməsini sübut edən foto və video da var idi.
Lakin, zərərçəkənin azyaşlı olmasını nəzərə alaraq, onun fotosunda üzünü gizlədərək sizə təqdim etsək də, videonu təqdim etmədik. Azyaşlının səsinin, əlamətlərinin tam düşdüyü videonun internet üzərindən yayılmasını, düzgün hesab etməsək də, məsələ ilə əlaqədar bütün dövlət qurumlarına göndərməyə hazırıq.
Görüntülərdə isə uşaq bildirirdi ki, nadinclik etdiyi üçün xalası onun ayaqlarını 2 gün bir-birinə zəncirlə bağlanılmış formada saxlayıb.
“Nadinclik etdiyim üçün mənim ayaqlarımı bir-birinə xalam zəncirləyib. Anamla xalam işə gedirlər, mən axşama saat 12-ə kimi tək qalıram evdə. Qapını da arxadan açarla bağlayıblar. Ancaq yemək var, özüm yeyirəm”,- deyə azyaşlı bildirib.
Məsələ ilə bağlı ekspertlərin də fikrini öyrəndik.
Təmiz Dünya Qadinlara Yardim Ictimai Birliyinin sədri Mehriban Zeynalova bildirir ki, o uşaq dərhal ordan çıxardılmalıdır və dövlət müəssəsinə verilməlidir.
Onun sözlərinə görə, böyük ehtimalla ana xalanın tabeliyində olduğuna görə xala istədiyi formada davranır.