“Ölkə.Az” xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb.
Belə ki, 99 PV 229 dövlət qeydiyyat nişanlı “Daewoo” markalı avtomobilin sürücüsünə yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna görə Yol Patrul Xidmətinin (YPX) əməkdaşları tərəfindən “saxla” əmri verilib. Lakin sürücü buna tabe olmayaraq avtoxuliqanlıq əməlini davam etdirib. Yol polisi tərəfindən süni tıxac yaradılıb və nəticədə avtomobil metronun “28 may” stansiyası yaxınlığında saxlanılıb.
Sürücünün əvvəllər məhkum olunmuş Bakı şəhər sakini Məmmədəli Turabov olduğu müəyyən edilib.
M.Turabov avtomobildən enərək yaxınlıqdakı dönərxanadan dönər bıçağını götürüb və YPX əməkdaşlarının üstünə hücum edib. Bunun qarşısı alınıb. Daha sona isə M.Turabov özünə xəsarət yetirmək istəyib.
Polisin sayıqlığı nəticəsində onun bu əməlinin də qarşısı alınıb.
M.Turabov saxlanılaraq polis bölməsinə təhvil verilib.