“Həyat yoldaşım Nərgiz Babayeva tibb kursunu bitirib, ancaq ona heç yerdə iş tapa bilmirik, vəziyyətimiz çətindir”.
Zirveyolu.info xəbər verir ki, bunu Ucar rayon sakini Rahib Babayev Toplum TV-nin qaynar xəttinə deyib. Şikayətçinin sözlərinə görə, həyat yoldaşı Nərgiz Babayeva ödənişli əsaslarla Ucar rayonunda “Bilik dünyası MMC” adlı tibb kursunu bitirib. Ancaq həmin kursun diplomu indi heç bir işə yaramır:
““Bilik dünyası MMC” Ucar rayon Mərkəzi Xəstəxanasının nəzdində fəaliyyət göstərib. Həyat yoldaşım da həmin kursda 2016-2017-ci illərdə ödənişli təhsil alaraq diplom alıb. Aya 50 manat ödəniş edirdik. İndi həmin kurs bağlanıb. Bağlanma səbəbini bilmirəm. Ola bilər, xəstəxana ilə aralarında problem yaranıb. Onun tibb bacısı kimi işlə təmin edilməsi üçün rayon mərkəzi xəstəxanasına, məşğulluq idarəsinə, hətta prezidentə belə müraciət etdik. Ucar rayon Mərkəzi Xəstəxanasından bizə dedilər ki, özəl kursu bitirənləri işə götürmürük. Əgər özəl kursu bitirənlər işə götürülməyəcəkdisə, o zaman həmin kursun fəalliyyətinə niyə icazə vermişdilər?! Bu kursdan müəyyən qədər xeyir də götürənlər oldu.
Məşğulluq Agentliyindən isə dedilər ki, növbənizi gözləyin. 1 ildən çoxdur ki, növbəyə durmuşuq. 3 az yaşlı övladım və yaşlı anam var. Evimizə gələn tək gəlir 268 manat anamın pensiyasıdır. O da onun dərmanına ancaq çatır. Bu pulla yaşamaq olar? Fəhləlik işi olanda gedib işləyirdim. Bu yaxınlarda Ucar rayon Məşğulluq idarəsindən mənə mağazada gözətçi işi verdilər, 150 manat maaş alıram. Bu pulla 3 azyaşlı uşağa necə baxaq?!
Ucar rayon Mərkəzi Xəstəxanasının İnsan Resursları şöbəsinin müdiri Pakizə Ələsgərova Toplum TV-ə xəstəxananın nəzdində belə bir kursun olmadığını dedi: “Həmin kursun bizim xəstəxanaya heç bir aidiyyatı yoxdur. Kursun tələbələri gəlib bizim xəstəxanada praktika da keçməyib. Kurs bitirənləri də xəstəxanada işə qəbul etmirik, buna icazə yoxdur. Kollec bitirənlər işə götürülür. Ucarda bu cür tibb kursları çoxdur. Ancaq bunların heç birinin bizim xəstəxanamıza aidiyyatı yoxdur”.
Şikayətçi Rahib Babayev isə xəstəxananın yalan danışdığını, həyat yoldaşının 1 il boyunca kurs üçün mərkəzi xəstəxanaya gedib-gəldiyini iddia edir.
Ucar rayon Məşğulluq Xidmətindən isə Toplum TV-ə bildirildi ki, şəxs barədə məlumat verməyəcəklər. Şikayətçi özü məşğulluq idarəsinə yaxınlaşmalıdır.
Araşdırmalarımıza görə, “Bilik dünyası MMC”-nin rəhbəri Rahimə Mehdiyeva kursu Tərtər rayonunda qeydiyyatdan keçirib.
İttihamlarla bağlı “Bilik dünyası MMC”-nin də rəyini almaq istəsək də, nə kursun, nə də ki, rəhbərinin telefon nömrəsini tapa bilmədik.
İttihamlarla bağlı qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq.