Lənkəran sakini Rza Məsud Səfərəli oğlu rayonda üzləşdiyi haqsızlıqla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edib.
Zirveyolu.info -ın məlumatına görə, Qaynarinfo-nun da redaksiyasına daxil olan müraciətdə vətəndaş bildirir ki, Dövlət Reyestr Xidmətinin Lənkəran 10 Saylı Ərazi İdarəsi və Lənkəran Rayonu Aşağı Nüvədi Bələdiyyəsi Prezidentin fərmanını və məhkəmə qətnamələrini saymır.
Qaynarinfo həmin müraciəti təqdim edir:
“Hörmətli Cənab Prezident!
Siz 2003-cü ildə ilk dəfə Prezident seçiləndə “mən hər bir azərbaycanlının prezidenti olacağam” söyləmişdiniz. Biz – Azərbaycan vətəndaşları sizin həqiqətən dediyiniz sözlərin arxasında inamla durduğunuzun, təkcə Azərbaycanda deyil, bütün dünyada yaşayan hər bir azərbaycanlının prezidenti olduğunuzu əməldə sübut edən böyük işlər gördüyünüzün şahidiyik.
Bütün dünya gördü ki, Azərbaycan xalqını 30 ildir həsrətində qaldığı doğma Qarabağa, böyük zəfərə yenilməz şəxsi iradəniz və ordumuzun qüdrəti ilə məhz, Siz qovuşdurdunuz!
Hörmətli Prezident!
Son ümid yeri olaraq, Sizə müraciətimin səbəbi Lənkəran Rayonu Aşağı Nüvədi Bələdiyyəsi və Dövlət Reyestr Xidmətinin Lənkəran 10 Saylı Ərazi İdarəsinin şübhəli əməlləri ilə bağlıdır.
Belə ki, Lənkəran rayonu, Aşağı Nüvədi qəsəbəsi, Küvənil kəndində mənə məxsus olan 0.22 Ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, ortasından arx keçdiyi üçün 2015-ci ildə iki yerə (0.1514 Ha və 0.0686 Ha ölçülərdə) bölündü. 15.10.2015-ci il tarixdə Dövlət Reyestr Xidməti tərəfindən həmin torpaq sahələri 802013075453 və 802013075452 saylı çıxarışla mənim adıma özəlləşdirildi. Bundan sonra Türkiyənin Altınbaş Universitetində təhsilimi davam etdirmək üçün qardaş ölkəyə yollandım və həmin torpaq sahələrinə faktiki nəzarət etmək imkanım olmadı. Təhsil aldığım müddətdə xəbər tutdum ki, 0.1514 Ha ölçüdə olan torpaq sahəmdən məndən icazə almadan və tam qanunsuz olaraq, Əliyeva Səkinə Ağəli qızı ilə onun qohumları güng (quyular üçün beton halqalar) kəsib satmaqla istehsal sahəsi istiqamətində istifadə edirlər. Mən ölkəyə qayıtdıqdan sonra bu əməllərinə görə onlara etirazımı bildirdikdə, onlar torpağı artıq mənimsədiklərini dedilər. Bundan sonra mülkiyyət hüququmun pozulması ilə əlaqədar Lənkəran Rayon Məhkəməsinə müraciət etdim. Lənkəran Rayon Məhkəməsi 3 mart 2020-ci il tarixdə Əliyeva Səkinə Ağəli qızı tərəfindən zəbt edilmiş torpaq sahəsinin qanuni olaraq mənim mülkiyyətimdə olmasına dair qətnamə qəbul etdi. 16 sentyabr 2021-ci ildə isə Şirvan Apellyasiya Məhkəməsi həmin qərarı qüvvədə saxlamaqla torpaqların mənim mülkiyyətimdə olması və Səkinə Əliyeva tərəfindən mənimsənildiyinə dair qərarı təsdiq etdi. Əlimdə həmin torpaq üzərində mülkiyyətçi hüquqlarımı təmin edən məhkəmə qətnamələrinin olmasına baxmayaraq, 8 ildir, mən öz torpağımdan istifadə edə bilmirəm.
Reallıq budur ki, Aşağı Nüvədi bələdiyyəsinin sədri İqbal İbrahimov və Dövlət Reyestr Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinin əməkdaşları Səkinə Əliyevanın və onun qohumlarının tamahkar maraqlarını Azərbaycan Respublikasının Konstitusiyasından və Azərbaycan Respublikası Prezidentinin “Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 7 mart 2016-cı il tarixli fərmanının tələblərindən üstün tutur.
Hörmətli Cənab Prezident!
Torpağımı zəbt edən Səkinə Əliyeva süni əngəllərlə növbəti məhkəmə proseslərini qəsdən uzadır, ekspert və mütəxəssisləri aldadır, bir çox hallarda onları mübahisəli əraziyə buraxmır, yuxarıda adlarını çəkdiyim dövlət orqanlarında olan tanışlıq və qohumluq əlaqələrindən istifadə edərək sorğulara yalan, həmçinin, tam olmayan cavablar alınmasını təmin edir, bununla da yeni xəritənin onun xeyrinə uyğun tərtibinə nail olmağa çalışır.
Nəzərinizə çatdırım ki, Şirvan Apellyasiya məhkəməsinin 06 iyul 2022-ci il tarixdə təyin etdiyi ekspertizanın rəy verə bilməsi üçün mübahisəli əraziyə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsindən mütəxəssis dəvət olunub. 06 sentyabr 2022-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, əraziyə baxış keçirilən zaman vətəndaş Abdullayev Ağazadə Fəttah oğlu həmin torpaq sahəsindən özünün istifadə etdiyini, Səkinə Əliyevanın həmin torpaq sahəsinə heç bir aidiyyəti olmadığını bildirib. Halbuki əvvəlki məhkəmələrdə onun qohumu Səkinə Əliyeva dəfələrlə torpaq sahəsindən Ağazadə Abdullayevin deyil, özünün istifadə etdiyini qeyd etmişdir.
06 sentyabr 2022-ci il tarixdə torpaq sahəsinə baxış keçirilsə də hələ də 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən mütəxəssis rəyi təqdim edilməyib. Qurumdan şifahi olaraq bildiriblər ki, mənə məxsus 0.1514 Ha və 0.0686 ölçülərdə olan torpaq sahələrinin yeri dəyişdirilib.
Halbuki, 0.0686 Ha ölçüdə olan digər torpaq sahəsi ümumiyyətlə mübahisələndirilməyib, heç kim tərəfindən zəbt edilməyib və boş sahədə yerləşir.
Mən həmin torpaq sahələrinin xüsusi mülkiyyətimdə olduğunu, mənim razılığım olmadan yerdəyişmənin qanunsuz olduğunu bildirsəm də 10 saylı Lənkəran Ərazi Dairəsinin Nail adlı əməkdaşı bizə bildirdi ki, torpaq sahələrinin yeri Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli Fərmanına əsasən dəyişdirilib.
Halbuki həmin Fərman hər hansı yerdəyişmə ilə əlaqədar torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin qarşılıqlı razılığını nəzərdə tutur. Yəni, Azərbaycan Respublikası Prezidentinin məlum fərmanına və Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq, vətəndaşın mülkiyyətində olan hər hansı əmlak, onun razılığı olmadan heç bir orqan və ya vəzifəli şəxs tərəfindən dəyişdirilə bilməz.
Lakin Lənkəran 10 saylı Ərazi İdarəsi və Lənkəran rayonu Aşağı Nüvədi Bələdiyyəsi Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-ci il tarixli fərmanından və Azərbaycan Respublikası Konstitusiyasının Xüsusi Mülkiyyət Haqqında Qanunundan irəli gələn tələblərə, o cümlədən məhkəmə qətnamələrinə məhəl qoymur, şikayətçilərə Prezidentin sözügedən fərmanını saxtalaşdıraraq təqdim edirlər.
Hörmətli Cənab Prezident! Məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısı və vətəndaşların son ümid ünvanı olan Sizdən Lənkəran 10 saylı Ərazi İdarəsinin və Aşağı Nüvədi Bələdiyyəsinin sərhədsiz özbaşınalığına son qoyulması, məhkəmənin qanuni tələblərinin yerinə yetirilməsi üçün kömək göstərməyi xahiş edir, Sizin bütün məsələlərdə olduğu kimi bu işdə də haqqın yerini tapmasına yardım edəcəyinizə inanıram.
Hörmətlə: Rza Məsud Səfərəli oğlu
Tel: (055) 667-77-05
(050) 400-26-82”