“Yəqin ki, sizə bir salfetka kağızının qiyməti neçəyə olar sualı verilsə, dərhal kalkulyatoru qabağınıza qoyub hesablayarsınız: Bir paket cib salfetkası bərabərdir 20 qəpiyə. Hər paketdə 10 ədəd salfetka kağızı olur. 20 bölək 10 bərabərdir 2 qəpiyə”. DİA.AZ bildirir ki, bunu paylaşımında tanınmış jurnalist Heydər Oğuz qeyd edir.
Jurnalist daha sonra yazır: “Durun, bir dəqiqə, bu, Aristotel məntiqinə görə belədir. Aristotel məntiqi isə yalnız ibtidai siniflərin riyaziyyat dərslikləri üçün keçərlidir. Bir də var, hətta ali məktəblərdə belə keçirilməyən “Vasif xan” loqarifması. Aristotel məntiqini 27 il bundan qabaq qatlayıb cibinə qoyan “Vasif xan” loqarifmasında bir salfetka kağızının dəyəri onun hansı cibdə gəzməsindən və hansı əli silməsindən də asılıdır. Yəni belə deyək, o salfetka kağızı sizin kimi rəiyyətin cibində gəzərsə və öz əlinizi silərsə, təbii ki, qiyməti 2 qəpik olacaq. Amma həmin salfetka “Vasif xan” kimi Aristotel məntiqini qatlayıb cibinə qoyan bir zati-möhtərəmin cibindədirsə, təbii ki, dəyəri dəyişir. Üstəlik, həmin salfetka kağızı Vasif Talıbovun yox, ulu öndərin əlini silərsə, dəyər “10 üstü N” dərəcədə artar.
Nə demək istəyirəm? Gəlin, sizə öz fikrimi loru dildə xırdalayım.
Bilirsinizmi, Vasif Talıbovun hakimiyyət iddialarının əsasını nə təşkil edir?
“Mən Heydər Əliyevə qulluq edəndə, kimlərsə bizneslə məşğul olurdu. İndi necə o olur, həmin biznesmenlər Azərbaycanı idarə edir, mənə isə bir Naxçıvanı da çox görürlər?”, – Vasif Talıbovun məhrəm çevrələrdə tez-tez dilə gətirdiyi arqumenti belədir. Məhz bu arqument onun hakimiyyət iddialarının da təməlidir.
Bəs, Vasif Talıbov Heydər Əliyevə necə qulluq edirdi?
Bu sualın ən aydın cavabını bu videoda görə bilərsiniz. Videodan göründüyü kimi, Heydər Əliyev ona qurban kəsən vətəndaşla görüşür və əli həmin vətəndaşın heyvan qanına batan əlinə dəyir. Yanında hazır dayanan Vasif Talıbov isə cibində gəzdirdiyi salfetkanı dərhal çıxarıb onun əlini silir. Bu da olur Heydər Əliyevə misli-bərabəri görünməmiş xidmət.
Vasif Talıbov məhz bu xidmətlərinin nəticəsində 27 ildir Naxçıvana rəhbərlik edir. Naxçıvanın bütün iqtisadi potensialına, Türkiyə-İran arasındakı leqal və ileqal ticari əlaqələrə tam nəzarət etməklə kifayətlənmir, həm də Azərbaycan büdcəsindən hər il ayrılan 100 milyonlarla dolları həzmi-rabedən keçirir. Bununla da qalmır, Naxçıvanı tamamilə müstəqilləşdirib özünün ailə müəssisəsinə çevirmək istəyir. Daha doğrusu, artıq çevirib, indi onu legitimləşdirmək əzmindədir və işdə Vasif “xan”a yaxından dəstək verənlər də var. AMEA-nın prezidenti İsa (hansı ləqəbindən istifadə etməyə qərar verər bilmədim. Adını mən dedim, ləqəbini siz qoyun), “medal” Siyavuş və s. kimi.
Adamda məharətə bax. Bəs deyirdiniz, Vasif Talıbov “XX əsr”i “xı-xı əsr”, “zoopark”ı “300 park” oxuyacaq qədər bisavaddır. Nə olar bisavad olanda, adamın 2 qəpiklik salfetkanı milyardlarla dollara çevirəcək iqtisadi ağlı var”. DİA.AZ