Bir neçə gün əvvəl yazdığımız məqalədə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində ( qısaca, “Azərsığorta”) baş verən neqativ hallardan, şirkətin sədri Fərhad Adıgözəlovun əməllərindən bəhs etmişdik. “Azərsığorta” şirkəti haqqında qısa məlumat verək. 1991-ci ildə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında fəaliyyət göstərən Dövlət Sığortası İdarə Heyəti bazasında Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti yaradılıb. Şirkət haqqında ötən yazımızda geniş yazmışıq. Ona görə də uzun-uzadı yazmağa ehtiyac görmürük.
Sadəcə, onu qeyd edə bilərik ki, Dövlət Sığorta Şirkəti respublika üzrə geniş filial şəbəkəsinə malikdir. Şirkətin 15 departamenti, sədri, müşavirləri, rayonlarda filialları və s var.
Uzun illər şirkətin rəhbəri Məmməd Əhməd oğlu Məmmədov olub və 2020-ci ilin mart ayında vəzifəsindən uzaqlaşdırılıb. Və Fərhad Adıgözəlov 07 dekabr 2021-ci il tarixdə Dövlət Sığorta Kommersiya Şirkətinə Sədr təyin edilib. Və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov Dövlət Sığorta Kommersiya Şirkətinin yeni təyin olunmuş sədri Fərhad Adıgözəlovu şirkətin kollektivinə təmtəraqla təqdim edib.
Biz ötən yazımızda vətəndaşların şikayətləri əsasında sığorta şirkətinin bir qrup işbilməzlərin əlində korrupsiya şəbəkəsinə çevrilməsindən bəhs etmişdik. Bəli, vətəndaşlar yazır ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti bizi süründürməçiliyə məruz qoyaraq sığorta pulumuzu vermək istəmir.
Şikayətçilər yazır: “Bu şikayəti imza edən şəxslər bir neçə aydır avtomobil qəzası nəticəsində bizə dəymiş zərərin əvəzi olaraq sığorta pulumuzu Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən ala bilmirik. Hər dəfə bir bəhanə gətirib vaxt uzadırlar. Baxmayaraq ki, tələb olunan bütün sənədləri təqdim etmişik. Bizə dəymiş ziyanı qanunsuz olaraq bir neçə dəfə azaldıblar”. Şirkətdə nəinki süründürməçilik, hətta cinayət halları da baş verir.
Belə ki, xeyli sayda vətəndaş yazır ki, qəza nəticəsində avtomobilimə 4500 ziyan dəyib, şirkət 2000 təklif edir, başqa birisi yazır ki, qəza nəticəsində 1200 ziyana düşmüşəm, sığorta şirkəti 400 manat təklif edir…və s. Vətəndaşlar yazır ki, dəfələrlə sədr Fərhad Adıgözəlova müraciət etmişik, ancaq şikayətə baxan yoxdur. Bizim təqdim etdiyimiz sonuncu şikayətdə isə Qarabağ müharibəsi veteranı olan avtomobil sahibi deyir ki, Yasamalda qəzaya məruz qalan avtomobilim üçün təkcə bir detala 2500 manat pul vermişəm, şirkət isə mənə 90 manat təklif edir. Belə haqsızlıq olmaz.
Bəli, daxil olan məlumata görə, son illər şirkətdə ciddi neqativ hallar baş verir. Belə ki, şirkətin 90-dan artıq şöbələri birləşdirilir və boşalmış sahələr kimlərəsə hədiyyə edilir. Son bir ildə sığorta şirkətinə məxsus maşınlar özəlləşdirilir və özlərinin yaxın adamlarına satılır.
İndi isə gəlin görək, Fərhad Adıgözəlov Sığorta Kommersiya Şirkətinə haradan gəlib. Fərhad Adıgözəlov bir müddət maliyyə nazirinin köməkçisi olub, sonra isə mühüm vəzifəyə, “Azər-Türk Bank”ın İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub.
Məlumdur ki, 2015-ci ildə ölkədə baş verən iki kəskin devalvasiyadan sonra ölkənin bank sistemində baş verən cinayətlərin bir qisminin üstü açıldı. Məlum oldu ki, Cahangir Hacıyev rəhbərlik etdiyi Beynəlxalq Bankdan külli miqdarda vəsaiti şəxsi məqsədləri üçün istifadə edib, iş adamlarına böyük həcmli kreditlərin verilməsində korrupsiyaya yol verib. Beynəlxalq Bankda baş verən korrupsiya ilə əlaqədar bankın prezidenti Cahangir Hacıyev həbs olundu. Oxşar problemlər “Bank Standart”, “Azəriqaz Bank” və “Dəmir Bank”da da qeydə alınmışdı.
Amma ən maraqlı hadisələr “Azər-Türk Bank”da yaşansa da hansısa sirli əl bankda baş verən maliyyə maxinasiyalarına göz yumdu. Və həmin vaxt banka rəhbərlik edən Fərhad Adıgözəlov həbsdən yayına bildi. 2020-ci ildə bankda baş verənlərlə bağlı araşdırmalar zamanı “Azər-Türk Bank”da 128 milyonluq qalmaqal ortaya çıxdı. Və hamı gözləyirdi ki, bu gün-sabah Fərhad Adıgözəlov həbs olunacaq. Amma… Əmması odur ki, Fərhad Adıgözəlov 1 gün saxlanılsa da, sonradan bəxti açılıb və Sığorta Kommersiya Şirkətinə sədr təyin olunub.
Fərhad Adıgözəlovun Vikipediyadakı tərcümeyi-halındakı “kölgələr” haqqında növbəti yazıda. //gundelik-baku.com//