Quzanlıda zibilxanaya çevrilən əraziyə küçə itləri dadanıb – “Uşaqlarımızı küçəyə buraxmağa qorxuruq”
Ağdam rayonu Quzanlı qəsəbəsindən şikayət var. Qəsəbənin Heydər Əliyev prospektində antisanitar vəziyyət hökm sürür. Ərazi tullantılardan günlərlə təmizlənmədiyindən belə xoşagəlməz hal müşahidə olunur.
DİA.AZ bildirir ki, belediyye.net-ə yazan sakinlər sahibsiz itlərin prospektə dadandığını deyirlər.
“Quduz olma ehtimalını nəzərə alsaq, sürü ilə gəzən küçə itləri həyatımız üçün təhlükə mənbəyidir. Uşaqlarımızı küçəyə buraxmağa qorxuruq”, – şikayətçi sakin deyir.
Sakinlər bildirirlər ki, qəsəbənin sözügedən ərazisində zibil konteyneri olmadığından bu vəziyyət yaranıb.
Deyirlər ki, təkcə sakinlərin yox, obyekt işlədən sahibkarların da ətrafın çirklənməsində payı var. Aidiyyatı qurumlar isə ərazini təmizləmək istəmir.