Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “Gənclərin Sosial İnkişafına Dəstək” (GSİD) İctimai Birliyi “Gənc sahibkar” layihəsi çərçivəsində 23 noyabr tarixində Lerik rayonu Heydər Əliyev Mərkəzində 18-29 yaşlı gənclər üçün sahibkarlıq mövzusunda təlim keçirmişdir.
Tədbiri giriş sözü ilə layihənin rəhbəri Rövşən Bağırov açaraq layihənin məqsədindən və rayon gəncləri üçün əhəmiyyətindən bəhs etmişdir. O, qeyd etmişdir ki layihənin əsas məqsədi Cənub rayonlarında yaşayan gənclər arasında sahibkarlıq fəaliyyətinin stimullaşdırılması və bununla bağlı maarifləndirici tədbirlərin həyata keçirilməsindən ibarətdir. Bu məqsədlə Lerik rayonu Heydər Əliyev Mərkəzində sahibkarlıq mövzusunda maarifləndirici təlim təşkil edilmişdir. Təlimdə 20 nəfər Lerik rayonundan olan fəal gənclər iştirak etmişdir. Təlim zamanı onlara sahibkarlıq fəaliyyətinə başlamaq üçün müasir bazarın tələbləri və üstünlükləri, şəxsi biznesin yaradılması, sahibkar olmaq üçün vacib olan amillər və qanunvericilik haqqında ətraflı məlumat verilmiş və maraqlı fikir mübadiləsi aparılmışdır. Tədbirdə Lerik rayon Gənclər və İdman idarəsinin rəisi Natiq İsaqov çıxış edərək layihənin rayon gəncləri üçün əhəmiyyətindən danışmış və gənclərə öz tövsiyyələrini vermişdir. Daha sonra gənclər Lerik rayonunun biznes imkanlarını təhlil etmiş və ən yaxşı biznes ideyanın seçilməsi üzrə qrup çalışmaları, təqdimatlar həyata keçirmiş və seçilmiş ideyaların SWOT analizini aparmışlar. Tədbirin sonunda hər bir iştirakçıya təşkilat tərəfindən Sertifikatlar təqdim edilmişdir.
Qeyd edək ki, təlimlər növbəti günlərdə Masallı və Cəlilabad rayonlarının gəncləri arasında davam etdiriləcəkdir. Bundan başqa daha çox insanları məlumatlandırmaq üçün sahibkarlıq mövzusunda nəşr edilmiş 1000 ədəd buklet gənclər arasında paylanacaqdır.