Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) bugünlərdə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində (DGK) əməliyyat keçirib. Verilən məlumata görə, Muxtar Respublikanın Gömrük Komitəsinin bir sıra əməkdaşları saxlanılaraq DTX müstəntiqləri tərəfindən dindiriliblər.
Hurriyyet.az-ın məlumatına görə, bu barədə yayılan ən son informasiyada isə deyilir ki, Naxçıvan Muxtar Respublikası DGK rəisi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəylinin oğlu general-leytenant Səhət Həbibbəyli ilə Naxçıvan MR maliyyə naziri Rafael Əliyev dünən 3-cü reyslə Bakıya gətirilib. Qeyd olunur ki, hər iki vəzifəli şəxs Naxçıvan gömrüyündə aşkarlanan korrupsiya faktları ilə bağlı DTX-də ifadə vermək üçün paytaxta gətirilib.
Onu da nəzərinizə çatdıraq ki, Səhət Həbibbəyli və Rafael Əliyevin Naxçıvandan Bakıya gətirilməsi ilə bağlı müxtalif versiyalar səsləndirilir. Belə ki, bəzi məlumatlarda deyilir ki, onlar ifadələri alındıqdan sonra sərbəst buraxılacaq. Lakin bununla yanaşı, Naxçıvan Muxtar Respublikası DGK rəisi və Naxçıvan MR maliyyə nazirinin ifadə verdikdən sonra barələrində cinayət işinin açılacağı da yayılan informasiyalar sırasında yer alıb. Odur ki, onların bu tezliklə sərbəst buraxılacağı heç də inandırıcı görünmür. Bu versiyanı gücləndirən əsas məqam isə general-leytenant Səhət Həbibbəylinin atası, AMEA prezidenti İsa Həbibbəylinin Naxçıvan Dövlət Gömrük Komitəsində keçirilən əməliyyatla bağlı verdiyi açıqlamada “Hazırda Naxçıvan Gömrük Komitəsində yolxama aparılır. Oğlum da yoxlamalarda iştirak edir. Onunla əlaqə qurmaq imkanım olmayıb. Saxlanılıb-saxlanılmadığına dair dəqiq məlumatım yoxdur”, – deyə bildirməsidir. Əgər Səhət Həbibbəyli sözügedən yoxlamada əsas şübhəli şəxslərdən biri olmasaydı, o zaman atasının onunla əlaqə qurmasında hər hansı problem olmamalıydı. Deməli, yoxlama başladığı andan etibarən general-leytenantın telefonu əlindən alınıb. Əslində, məhz bu cür də olmalıdır. Çünki Səhət Həbibbəylinin telefon vasitəsiylə kiminlə və nə haqda yazışması, o cümlədən kimlərlə əlaqə saxlaması da aparılan yoxlamanın işinə ciddi mənada təkan verə bilər. Odur ki, qeyd olunanları nəzərə aldıqda, Naxçıvan Muxtar Respublikası DGK rəisinin və Naxçıvan MR maliyyə nazirinin Bakıya gətirilməsini onların həbsi kimi dəyərləndirmək daha doğru olar. Lakin bütün hallarda tam dolğun informasiya Dövlət Təhlükəsizliyi Xidmətinin məsələ ilə bağlı rəsmi məlumatından sonra bəlli olacaq.
Hurriyyet.az