Cəmiyyət Manşet

“Adı şəhid ailəsinə köməkdir, amma…” – xəstə heyvanları nə sata, nə də qaytara bilirlər

Ağdaşın Qarağan Şıxlar kənd sakini, şəhid ailəsi Dəyanət Abdülrəhimov özünəməşğulluq proqramından yararlansa da, problemlərlə üzləşdiyini deyir.

O, Meydan TV-yə deyib ki, bu proqram üzrə gözləntiləri özünü doğrultmayıb.

2022-ci il iyulun 27-də ona Ağdaş Rayon Məşğulluq İdarəsindən 4 min manat dəyərində 3 baş inək verilib, amma bir ay tamam olmamış heyvanlardan biri qəflətən ölüb.

Dəyanət Abdülrəhimov digər iki heyvanın da yaşlı və xəstə olduğunu deyir və düşünür ki, bu heyvanların onun təsərrüfatına töhfə verəcəyinə inanmır.

Ağdaş sakini bu barədə dərhal aidiyyəti qurumlara məlumat versə də, ona belə cavab verilib: “Təhvil almısan, bir il tamamına qədər bax, sonra satarsan”.

“Mənə verilən üç inəyin biri xəstə idi deyə 25 gündən sonra öldü. Ağdaş Rayon Məşğulluq İdarəsinə məlumat verdim. Dedilər ki, şənbə günü olduğu üçün gələ bilmərik, özünüz inəyin orqanlarını çıxarın və aparıb Qida Təhlükəsizliyi Agentliyinə verin. Sonra cavabı gətirin. Mən Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin “qaynar xətti”nə zəng vurdum. Dedilər ki, bizlik deyil. Rayonda da dedilər ki, onsuz da heç kimə ölmüş heyvanın yerinə yeni heyvan verilməyib, bu, mümkün deyil. Üç inəyin biri nisbətən sağlamdır, digəri isə 4 aydır ki, baytar gətirib müalicə etdirirəm. O da xəstədir, düzəlmir. Bir ay tamam olmamış qaytarmaq istədim. Dedilər ki, müqavilədə elə bir şey yoxdur, azı bir il heyvanlara baxmalısınız. Adı şəhid ailəsinə köməkdir, amma ziyandan başqa bir şey deyil”, – deyə o bildirib.

“Nə sata bilərəm, nə qaytara…”

Ağdaş sakini ona dəymiş ziyanı ötən dörd ayda heyvanlara çəkdiyi müalicə və yem xərcləri ilə əlaqələndirir.

Deyir ki, üç inəklə bərabər ona 65 ədəd ot bağlaması verilməli idi, amma hər bağlamaya görə 2 manat 70 qəpik civarında nəğd pul ödənilib: “Ot bağlaması bundan iki dəfə bahadır, yəni qiyməti 5-6 manatdır. İnəklər də qısırdı, hətta doğuma yararsızdırlar. Yəni 4 aydır ki, balasız, südsüz inəklərə pul xərcləyirəm. Hələ bir il də onlaraməcburi baxmalıyam”.

O, indiyə qədər çəkdiyi və çəkəcəyi xərcin faydasız olacağından narahatdır: “Amma müqaviləyə əsasən, çarəsizəm, heyvanları nə geri qaytara bilirəm, nə də sata”.

Onun sözlərinə görə, heyvanları satmaq da mümkün deyil: “Tanıdığım kasıb bir ailə var. Ona verilən xəstə, yaşlı inəklərdən ikisini məcbur qalıb xəlvətcə satdı: birini 400 manata, digərini 600 manata. Çünki öləcəkdilər. Ona görə də satıb ikisinin yerinə zəif də olsa, sağlam inək aldı. Əslində, bu, doğru addım idi, amma müqaviləyə görə bir il gözləmək məcburidir”.

“İndiyə qədər ota 1000 manatdan çox pul xərcləmişəm. Guya bu üç inək balalarıma, ailəmə aztəminatlı ailə kimi yardım idi, əksinə balalarımın boğazından kəsib ot alıram, müalicə etdirərəm. Gələn ilin iyuluna qədər belə olmalıdır, əlimdə ölən heyvana dair aktım, xəstə heyvanla bağlı şikayətim var. Ancaq baxıb, hüquqi qiymət verən yoxdur”, – deyə o bildirib.

“Xəstə, cılız, yaşlı qoyunları seçib verdilər”

Özünəməşğulluq proqramından yararlanan digər bir Qarabağ qazisi, Göyçay sakini Vüqar İsayev də eyni durumla üzləşdiyini bildirib.

O deyir ki, 2021-ci ilin avqustunda ümumi dəyəri 3600 manat olan 21 baş qoyun alıb. Qoyunları isə mərkəzin əməkdaşları heyvan bazarından özləri seçərək alıblar. Amma bir il tamam olmamış heyvanların üçü xəstəlikdən ölüb, digrlərini şəxi vəsaiti ilə müalicə etdirib:

“Nə ölü, nə də xəstə heyvanlar barədə aidiyyəti orqana müraciət etmədim. Çünki yenisini alacağına ümidim yox idi. Amma 6 ayın tamamında qoyunlara baş çəkməyə gələn əməkdaşa vəziyyəti izah etdim. O da bildirdi ki, müqaviləyə əsasən bir ilə qədər baxmaq və satmamaq öhdəliyiniz var”.

Vüqar İsayev indiyə qədər heyvanların dərmanına 100 manat xərc çəkdiyini deyib: “Baytar gəlib baxdı və dedi ki, bu heyvanların ciyəri sıradan çıxıb. Bunlara güclü müalicə və yem lazımdır. İndiyədək 400 kq yem də veriblər. Onunla birgə heyvanların qiymətini 4 min manat hesablayırlar. 6 ayın tamamında gəlib, baxdılar. Qoyunun biri ondan əvvəl, digər ikisi ondan sonra öldü. Bir il tamam oldu, amma heç kim gəlib baxmadı. Əslində isə yoxlamalı idilər. 18 qoyundan cəmisi dördü bala verib, digərləri bir ildə qısırdı. Amma mən aztəminatlı ailə kimi aldım ki, bir ildə təsərrüfatı artırım, iqtisadi gəlirim olsun. Ancaq belə heyvanlarla çətin ki, gəlir olsun”.

“…1000 manat pul istədilər”

İsmayıllı sakini İlham Mahmudov 4 il öncə Dövlət Məşğulluq Agentliyinin özünüməşğulluq proqramına müraciət edib.

Deyir ki, ondan rüşvət də istəyiblər. O da vermədiyinə görə növbəsi uzanır. Üç uşaqla işsiz dolanışıq isə onun üçün çətindir: “4 ildir ki, İsmayıllı Rayon Məşğulluq İdarəsində özünüməşğulluq proqramına yazılmışam. İlk 2 il bizə baxış keçirildi və 1000 manat pul istədilər. Pulu verə bilmədiyimizə görə bizə heyvan vermədilər. Məndən sonra kənddə neçə ailəyə verdilər. Hamısından da 800-1000 manat pul alıblar. İki ildir yenidən yazılmışıq və hazırda növbədə 166-cı adamam. Hələ baxış da keçirilməyib. İki oğlum, bir qızım var. Qız ali təhsil alır, oğlanlar 3-cü və 10-cu sinifdə oxuyur. Necə dolanım, kimə müraciət edim, bu üç uşağı işsiz necə saxlayım?”

“Heyvanların zəif, xəstə görünməsi daha çox qaraciyər serrozundandır”

Baytar Renat Mustafayev bildirib ki, özünüməşğulluq proqramı çərçivəsində vətəndaşlara verilən heyvanlarda xəstəliklər bəzən öncədən bilinmir: “Yerli sort heyvanlar mühitə uyğunlaşdığından xəstəliklərə qarşı dözümlü olur, xarici sortlar isə əksinə. Heyvanlarda isə daha çox yay mövsümündə xəstəlik üzə çıxır və ölüm faktı olur”.

Onun sözlərinə görə, o tip heyvanlarda müxtəlif gənə xəstəlikləri, yəni qan parazitləri daha çox üstünlük təşkil edir: “Beş-altı xəstəlik yaradır. 14 gün səssiz gedir xəstəlik və qanda parçalanma olur. Buna görə yayda heyvanlar arasında ölüm xəstəliyi daha çox olur. Yerli sort heyvanlar bu cür xəstəliklərə hardasa dözümlü olur, xaricdən gətirilmiş heyvanlar dözmür. Bu səssiz gedən xəstəlikdir deyə təsərrüfat sahibi bunu hiss etmir. Dezinfeksiya və müalicəvi profilaktik tədbirlər görülməlidir. İl ərzində 4-5 dəfə heyvana qara və ağ ciyərinə görə dərman verilməlidir. Gənələr əsasən otdan və sudan düşür. Heyvanların zəif, xəstə görünməsi daha çox qaraciyər serrozundandır. Bruselyoz, vərəm xəstəliyi də müşahidə olunur”.

Mütəxəssis deyir ki, əslində, proqram çərçivəsində verilən heyvanlar öncədən yoxlanışdan keçirilməlidir. Əksinə, vətəndaşa verildikdən sonra baytar yoxlanışı olur ki, bu da vətəndaşa problem yaradır:

“Vətəndaşa verilən heyvanlar baytar mütəxəssislərlə yoxlanılıb verilməlidir. Bəzən vətəndaşlar pulsuzdur deyib sevinərək alır, ancaq sonra xəstəliklər aşkarlanda peşman olur. Ancaq vətəndaşa heyvan təhvil verildikdən sonra sahə baytar həkimi tərəfindən qan və nəcis nümunələri götürülür, laboratoriyaya göndərilir. Nəticəsi də müəyyən müddətdən sonra çıxır. Düzü, nə xəstəlik çıxsa da, artıq sonrası vətəndaşa qalır, yəni heyvanı geri qaytara biləcək, ya yox. Amma sağlam çıxarsa, və sonrakı müddətdə ölərsə, artıq vətəndaşın boynunda qalır. Bəzən isə baytarın səhlənkarlığı olur, yoxlamır, nəzərdə tutulan müddətdə – 15 gün ərzində gecikdirilir. Məsələn, təcrübəmdə bir nəfər heyvanları xəstəlik aşkarlandığı üçün dərhal qaytardı”.

Dövlət Məşğulluq Agentliyi: “Heyvanlar təqdim olunmazdan əvvəl müvafiq yoxlamalardan keçirilir”

Dövlət Məşğulluq Agentliyinin Strateji Kommunikasiya Departamentindən Meydan TV-nin şikayətlərlə bağlı sorğusuna cavab verilib.

Bildirilib ki, indiyə qədər özünüməşğulluq proqramı çərçivəsində dövlətin əmək qabiliyyətli, həmçinin məhdud əmək qabiliyyətli olan işsiz və işaxtaran şəxslərdən 61,304 nəfər bu proqrama cəlb edilib. Onların da 40,4 mini (67,8 %) kənd təsərrüfatı istiqaməti üzrə olub.

Agentlik qeyd edib ki, özünməşğulluq proqramına cəlb olunan vətəndaşlara heyvanlar təqdim olunmazdan əvvəl mütləq şəkildə müvafiq yoxlamalardan keçirilir:

“Fermalarda heyvanlara Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri tərəfindən kliniki baxış keçirilir və daha sonra heyvanlar karantinə alınırlar. Karantin müddəti bitdikdən sonra Qida Təhlükəsizliyi Agentliyi tərəfindən akt təqdim edildiyi təqdirdə heyvanların ölkə üzrə paylanışı həyata keçirilir. Paylanış zamanı isə heyvanların kəmiyyət və keyfiyyət baxımından istifadəyə yararlı olması ilə bağlı akt da tərtib olunur. Paylanan heyvanların bruselyoz, tuberkulyoz və quduzluq xəstəlikləri ilə əlaqədar müayinədən keçməsi ilə bağlı sertifikatları da mövcuddur. Heyvanlar isə həm yerli, həm də xarici sort heyvanlardır”.

Vətəndaşların ziyanla bağlı şikayətinə gəlincə, Agentlik bildirib ki, belə hallarla bağlı qanunvericiliyə uyğun tədbirlər görülür: “Müraciətin araşdırılması zamanı əmlaka üzrsüz səbəbdən ziyan dəydiyi aşkarlanarsa, həmin şəxs vurulmuş ziyanın əvəzini Mülki Məcəlləyə uyğun olaraq Agentliyin hesabına köçürməli olur. Amma müraciətlərə baxılmaması, proses süründürülməsi, rədd cavabı verilməsi barədə deyilənlər əsassızdır”.

Dövlət Məşğulluq Agentliyi növbəliliklə bağlı iddialara isə belə cavab verib: “Proqramın hər bir mərhələsi növbəli qaydada həyata keçirilir. Növbəlilik sisteminin vətəndaşlar üçün əlçatanlığını təmin etmək məqsədilə özünüməşğulluğa cəlb edilən vətəndaşların növbəlilik reyestri yaradılıb və bu reyestr www.dma.gov.az ünvanına yerləşdirilib. Vətəndaşların müraciətləri reyesterə daxil edildikdən sonra hər bir vətəndaş üçün skorinq balı formalaşır”.

“Növbəlilik isə şəxslərin müraciət etmə tarixi, ünvanlı dövlət sosial yardımı alması, əlilliyi olması, himayəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq olması, bir ildən artıq işsiz kimi qeydiyyatda olması, pensiya yaşına iki ildən az qalmış şəxs olması, cəzaçəkmə yerlərindən azad edilmiş işsiz şəxs olması və şəhid ailəsinin üzvü olması nəzərə alınmaqla təyin edilir. Vətəndaşa hər bir meyara uyğun müvafiq bal verilməklə növbə sırası müəyyən edilir. Şəxsin növbədə qaldığı müddət üzrə topladığı balların üzərinə müvafiq bal əlavə olunur”, – deyə qurum qeyd edib.

Müqaviləyə gəldikdə isə qurumdan bildirilib ki, özünüməşğulluğa cəlb olunmuş şəxslə Agentliyin müvafiq yerli qurumları və ya Mərkəz arasında 1 (bir) il müddətinə müqavilə imzalanır.

Həmin müqaviləyə əmlak barədə bütün məlumatlar, o cümlədən həmin əmlakın növünə, dəyərinə, keyfiyyətinə və kəmiyyətinə, mənşəyinə, avadanlıqların texniki göstəricilərinə dair məlumatlar, habelə həmin əmlakın foto və video görüntüləri, təhvil-təslim aktları əlavə edilir:

“Proqramın icrası, proqrama cəlb edilənlər, onların aktivlərlə təminatı barədə bütün məlumatların ictimai açıqlığı təmin edilib. “E-sosial” internet portalında “Özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin edilmiş şəxslər barədə məlumat” altbölməsi yaradılıb. Sistemdə hər bir iştirakçının proqrama cəlb edilməsindən sonrakı mərhələləri, biznes-planının reallaşdırılması üçün bağlanmış müqavilə, iştirakçıya aktivlərin təhvil verilməsinə dair akt, verilmiş aktivlərin sayı, video və fotomateriallar və s. yerləşdirilir və ictimaiyyətə açıqlanır”.

Meydan TV

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir