Bakı Baş Səhiyyə Mərkəzinin BAHALI OFİSİ – “Bu faktın ciddi araşdırmaya ehtiyacı var”
Səhiyyə Nazirliyinin “Bakı Baş Səhiyyə Mərkəzi” Publik Hüquqi Şəxsi Zeynalov Natiq Vahib oğluna məxsus qeyri-yaşayış sahəsini icarəyə götürüb. Bakı Baş Səhiyyə Mərkəzi Natiq Zeynalov ilə satınalma müqaviləsi imzalayıb və binanın bir illik icarəsi üçün 516 min 279 manat 12 qəpik ödəyəcək.
Qeyd edək ki, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi 1M ünvanında yerləşən və Bakı Baş Səhiyyə Mərkəzi tərəfindən icarəyə götürülən bina inzibati mərkəz kimi istifadə ediləcək.
Məlumat üçün bildirək ki, Bakı Baş Səhiyyə Mərkəzinin icarəyə götürdüyü binada daha əvvəl Dövlət İmtahan Mərkəzi fəaliyyət göstərirdi. DİM 2015-ci ildən 2022-ci ilin iyun ayına kimi Natiq Zeynalova məxsus binada fəaliyyət göstərib. Qeyd olunan tarixdən sonra isə həmin binanı Bakı Baş Səhiyyə Mərkəzi icarəyə götürüb.
Təbii ki, dövlət qurumlarının özəl obyektləri baha qiymətə icarəyə götürməsi hər zaman ciddi müzakirələr yol açıb. Çünki, bu tip icarə müqavilələri hər zaman korporativ maraqlara xidmət edir.
Zirveyolu.info bildirir ki, məsələyə münasibət bildirən iqtisadçı ekspert Natiq Cəfərli Bizim.Media-ya açıqlamasında bu cür halların korrupsiya mənbəyi olduğunu bildirdi:
“Belə faktların ciddi araşdırmaya ehtiyacı var. Burda korporativ maraqlar aşkar edildikdə isə mütləq şəkildə müvafiq dövlət qurumları məsələyə müdaxilə etməlidir”.
Natiq Cəfərli başqa bir vacib məsələyə də toxundu:
“Dövlət və hökümət qurumlarının keçirdiyi tenderlərdə məmurlar özlərinə və yaxud yaxınlarına aid şirkətlərin qalib elan etməsi tez-tez rast gəlinən haldır. Dəfələrlə bunun şahidi olmuşuq. Yuxarıda qeyd olunan fakt da belə halların növbətisidir. Çox zaman Tender haqqında, Satınalmalar haqqında qanunvericiliyin tələblərinin pozulması ilə bu baş verir. Baxmayaraq ki, qanunvericilikdə yazılıb ki, bəlli təcrübəsi olan şirkətlər tenderə cəlb oluna bilər. Amma reallıqda görürsən ki, 5-10 gün əvvəl yaradılmış şirkətlər qalib elan olunur. Və yaxud özlərinə yaxın olan şirkətlərlə müqavilə imzalanır”.