Azərbaycan xanlarının xaricdəki varisləri… – Tarixçi alim: “Onları araşdırırıq, bura dəvət edəcəyik”
Azərbaycan dövlətçilik tarixində özünəməxsus yeri olan İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani bir neçə gün əvvəl Bakı və Gəncəyə səfər edib.
Hazırda Almaniyada yaşayan, ixtisasca isə mühəndis olan Əmir Əli Sərdari İrəvani İrəvan xanları Hüseynəli xan və Məhəmməd xanın nəslindəndir. O, “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rzazadənin dəvəti ilə Bakıya gəlib. Azərbaycana gəlməyi çox istədiyini diqqətə çatdıran xan nəslinin nümayəndəsi hər iki şəhərimizdə dəyərli tarixi abidələrlə tanış olub.
Azərbaycan xan nəsillərinin nümayəndələrinin ölkəmizlə əlaqəsi haqqında Modern.az-a danışan Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini Cəbi Bəhramov xatırladıb ki, xanlıqlar dövründə – təxmini 70 ilə yaxın müddətdə Azərbaycan ərazisində 20-dən çox xanlıq olub. C. Bəhramov tarix kitablarında adı çəkilməyən iki xanlığın da olduğunu təsdiqləyib:
“Apardığımız tədqiqatlar onu deməyə əsas verir ki, Dərbənd və Zəncan xanlıqları da xanlıqlar dövründə mövcud olublar. Əvvəllər tarix dərsliklərində 20-ə qədər xanlıq olduğu vurğulanırdı. Amma aparılan tədqiqatlar sübut etdi ki, daha çoxdur. Həmin xanlıqları idarə edənləri ayırd edəndən, o xanların şəcərəsini araşdırdıqdan sonra nəslinin nümayəndələrinin tapılmasına da diqqət göstəriləcək”.
C.Bəhramov söyləyib ki, İrəvan xanları nəslinin nümayənədəsi olan Əmir Əli Sərdari ölkəmizlə özü maraqlanıb, Azərbaycanla əlaqə qurmağa səy göstərib:
“O İradə Rzazadə ilə əlaqə saxlayıb, Azərbaycana gəlmək istədiyini bildirib. Əmir Əli Sərdari ilk görüşünü Tarix institunda keçirdi və ona İrəvan xanlığının tarixini əks etdirən ingiliscə kitab hədiyyə olundu. Daha sonra qonağımız Şəki, Gəncə və Bakı şəhərlərini gəzdi, tarixi abidələrlə tanış edildi. Ümid edirik ki, xan nəslindən olan digər nümayəndələrlə də yaxın gələcəkdə əlaqələr yaradılacaq. Çünki Azərbaycan tarixində iz qoyan böyük xanlıqları idarə edən şəxslərin şəcərəsi ilə bağlı iş aparılır”.