Saatlı rayon İcra Hakimiyyəti 2022-ci ilin noyabr ayının 25-də “Saatlı şəhəri ərazisində yolların əsaslı təmiri işləri” lotu üzrə sifarişçi olduğu tenderə yekun vurub.
Zirveyolu.info Qlobal.az-a istinadla xəbər verir ki, Saatlı rayon İcra Hakimiyyətinin 2022-ci ilin noyabr ayının 25-də “Saatlı şəhəri ərazisində yolların əsaslı təmiri işləri” lotu üzrə yekun vurduğu satınalmanın məbləği 348.243 manat, qalibi isə “Harmony İndustrial Construction and Engineering Group” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
“Harmony İndustrial Construction and Engineering Group” MMC 2005-ci ildə qeydiyyata alınıb.
MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli ev 52, mənzil 20 ünvanı, qanuni təmsilçisi isə Orucov Əlövsət Bilal oğludur.
“Harmony İndustrial Construction and Engineering Group” MMC-nin maddi-texniki bazası, mühəndis heyəti, işçi qüvvəsi barədə açıq internet resurslarında heç bir məlumat yoxdur.
“Harmony İndustrial Construction and Engineering Group” adı ilə fəaliyyət göstərən MMC-nin əvvəlki adı “Piramida F.R” olub.
“Piramida F.R” MMC-nin adı “otkad” əməliyyatında çəkilir.
Belə ki, Dövlət Təhlükəsizlik Xidmətinin 2020-ci ilin may ayında Mədəniyyət Nazirliyində və nazirliyin tabeliyində fəaliyyət göstərən Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində keçirdiyi xüsusi əməliyyatda korrupsiya faktı aşkarlanmışdı.
O zaman ictimaiyyətə açıqlanan məlumatda Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sifarişçi olduğu tenderlərdə qalib elan edilən təşkilatlardan “otkad” alındığı bildirilirdi.
İstintaqda və məhkəmədə ifadə verən “Piramida F.R” MMC-nin rəhbəri Şamxal Ağaşirinov 6 milyon manatlıq tenderdə qalib elan edildikləri üçün 900.000 manat rüşvət verdiklərini bildirmişdi.
Qlobal.az adı “otkad” əməliyyatında çəkilən, maddi-texniki bazası barədə açıq internet resurslarında heç bir məlumat olmayan “Harmony İndustrial Construction and Engineering Group” MMC-nin Saatlı rayon İcra Hakimiyyəti 2022-ci ilin noyabr ayının 25-də “Saatlı şəhəri ərazisində yolların əsaslı təmiri işləri” lotu üzrə yekun vurduğu tenderdə hansı meyarlara əsasən qalib elan edilməsi ilə bağlı mövqe öyrənib.
Saatlı Rayon İcra Hakimiyyətinin açıqlamasında deyilir:
“”Harmony İndustrial Construction and Engineering Group” MMC və iddiaçı kimi tenderdə iştirak etmiş digər 3 malgöndərən (podratçı) təşkilat tərəfindən maddi-texniki baza, mühəndis heyəti, işçi qüvvəsi barədə və digər tələb olunan sənədləri etender.gov.az saytına yerləşdirmişlər. Eyni zamanda bildiririk ki, aidiyyəti qurumlar tərəfindən tender prosedurlarının keçirilməsinə və nəticələrinə nəzarət edilir və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən razılıq alındıqdan sonra işlərin icrası üçün müqavilə bağlanılır”.
Xatırladaq ki, Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırovdur.
Elmir Bağırov 2020-ci ilin avqust ayının 24-də Saatlı RİH-nə başçı təyin edilib.