Bulvar İdarəsinin tenderində qalib olan sahibkarla sədr müavinini nə birləşdirir? – Faktlar
Dənizkənarı Bulvar İdarəsinin Dövlət Bayrağı Muzeyi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Tender müsabiqəsinin qalibi fərdi sahibkar Əziz Fatehoviç Əzizov (VÖEN – 1402080532) olub.
Bulvar İdarəsinin tenderində qalib olan sahibkarla sədr müavinini NƏ BİRLƏŞDİRİR? – FAKTLAR
Əziz Əzizov Dünya Azərbaycanlıların Həmrəylik Gününə və Yeni İl bayramına həsr olunmuş “Qış nağılı” adlı tədbirlə bağlı xidmətlər təqdim edəcək.
Görüləcək işlərin qarşılığında Dənizkənarı Bulvar İdarəsinin Dövlət Bayrağı Muzeyi Əziz Əzizova 46 min 900 manat vəsait ödəyəcək.
Məlumat üçün qeyd edək ki, Əziz Əzizov daha əvvəl də Dənizkənarı Bulvar İdarəsinin Dövlət Bayrağı Muzeyinin keçirdiyi analoji tenderlərin qalibi olub.
Tenderin qalibi olan Əziz Əzizov barəsində açıq internet resurslarda məlumat yoxdur. Yeganə məlumat odur ki, 1980-ci il təvəllüdlü Əziz Əzizov 2021-ci ildə “Azərbaycan Gənclər İttifaqı” İctimai Birliyinin təmsilçisi kimi Gənclər və İdman Nazirliyi yanında İctimai Şura üzvlüyünə namizəd olub.
Maraqlı məqmlardan biri odur ki, hazırda tenderi keçirən qurumun – Dənizkənarı Bulvar İdarəsinin İdarə heyətinin sədr müavini Ağacan Əhməd oğlu Əhmədov “Azərbaycan Gənclər İttifaqı” İctimai Birliyinin sədri olub. Ağacan Əhmədov 28 avqust 2018-ci ildə Dənizkənarı Bulvar İdarəsinin İdarə heyətinin sədr müavini təyin olunub. Bu tarixdən cəmi 13 gün əvvəl – 15 avqust 2018-ci ildə Ağacan Əhmədov “Azərbaycan Gənclər İttifaqı” İctimai Birliyinin qanuni təmsilçisi seçilib.
Qeyd olunan məlumatlardan açıq şəkildə görünür ki, tenderi keçirən qurumun – Dənizkənarı Bulvar İdarəsinin rəhbərliyidəki şəxslə (Sədr müavini) tenderin qalibi olan şəxs (Əziz Əzizov) eyni təşkilatda (“Azərbaycan Gənclər İttifaqı” İctimai Birliyinin) təmsil olunublar.
Diqqət çəkən məqamlardan biri də odur ki, fərdi sahibkar Əziz Əzizov Ağacan Əhmədov sədr müavini təyin olunduqadan sonra yalnız Dənizkənarı Bulvar İdarəsinin keçirdiyi tenderlərdə qalib olub. Əziz Əzizovun adına nə başqa qurumların tenderində, nə də 2019-cu ildən əvvəlki tarixlərdə keçirilən tenderlərdə rast gəlmək olmur.
Məsələ ilə bağlı Yeniavaz.com-a açıqlama verən Dənizkənarı Bulvar İdarəsinin İdarə heyətinin sədr müavini Ağacan Əhmədov tenderin qalibi olan Əziz Əzizovu tanıdığını bildirdi. Sədr müavini Əziz Əzizovun tenderdə qalib olmasının onunla heç bir əlaqəsinin olmadığını qeyd etdi.
Xatırladaq ki, hazırda Dənizkənarı Bulvar İdarəsinin tərkibində olan Dövlət Bayrağı Meydanı 2016-cı ilə kimi ayrıca İdarə kimi fəaliyyət göstərib. 2015-ci ildə Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq sədri Rəşad Məmmədov CM-nin 308-ci (vəzifə səlahiyyətlərini aşma) və 179-cu (mənimsəmə və israf etmə) maddələrilə ittiham olunaraq həbs edilib. Mənbə Yeniavaz.com