Cəmiyyət Manşet

Vətəndaşa burda da `DO GƏLİRLƏR`… – GİLEY

“Müqavilənin sonuncu vərəqində nə qeyd olunub ki, onu olduqca kiçik şriftlə yazırlar?”

Ötən gün Hurriyyet.az-a müraciət edən vətəndaş Emin Qasımov “Kapital Bank”dan Birbank Cashback kartı əldə etmək istəyərkən üzləşdiyi problemlə bağlı ətraflı məlumat verib, bu zaman yol verilən nöqsanları diqqətə çatdırıb.

Belə ki, Emin Qasımov bildirib ki, adıçəkilən bankın Əhmədli filialından Birbank Cashback kartı əldə etmək istəyərkən ona hər hansı müqavilə təqdim olunmayıb: “Bu gün (dünən-red.) səhər saat 11 radələrindən evdən çıxıb iş dalınca gedərkən, yaşadığım ərazidə – “Əhmədli” metrostansiyası yaxınlığında “Kapital Bank”ın filialına yaxınlaşdım. Məqsədim Birbank Cashback kartı əldə etmək idi. Təqribən, saat 11 radələrində bankın filialından S-018 saylı nömrəni götürdüm və hardasa 10-15 dəqiqə gözlədim. Növbəm çatdıqda 11-ci bölmədə xidmət göstərən gənc xanım məni qəbul etdi. O, şəxsiyyət vəsiqəmi istədi, mən də təqdim etdim. Ardınca o, Birbank Cashback kartı əldə etmək üçün qaydaları şifahi şəkildə izah etdi. Bunları yazılı formada, hansısa bir müqavilə əsasında verib-verməyəcəkləri ilə maraqlandım. Dedi ki, xeyr, biz vətəndaşlara belə bir müqavilə vermirik. “Yəni imza atdığım hər hansısa sənəd olacaq?”, deyə sual verdikdə xanım qeyd etdi ki, bəli, biz bir nüsxədən ibarəy müqavilə imzalayacağıq, lakin həmin müqavilə bankda qalacaq, sizə müqavilə verməyəcəyik”.

Şikayətçi həmin müqaviləni oxumağa çalışsa da, buna nail ola bilməyib, çünki sözügedən müqavilə olduqca kiçik şriftlə tərtib olunub: “İnanın ki, şriftlər o qədər kiçik idi ki, heç onları oxuya bilmədim. Bu səbəbdən də bankın əməkdaşı olan xanıma bunları böyüdüb normal ölçüdə təqdim etməsini xahiş etdim. “Vətəndaşların müraciətləri haqqında” Qanunda da bu var. Bildiyim qədər yazışma mətni 12 ölçüdə olmalıdır. Lakin tərtib olunmuş müqavilə o qədər kiçik şriftlə tərtib olunub ki, onu heç cür oxumaq mümkün olmadı. Odur ki, xanıma hüquqşünas olduğumu bildirib müqavilənin bir nüsxəsini tələb etdim. Dedim ki, heç olmasa surətini çıxarıb təqdim edin. O telefonla zəng edib rəhbərlikdən razılıq aldı. Mən məhz imzaladığım nüsxənin surətini istədikdə, xanım dedi ki, yox, bu, bizdə qalacaq, sizin üçün əlavə nüsxə çıxarılacaq. Bu zaman şübhələndim və imzaladığım 4 vərəqdən ibarət müqavilənin bütün vərəqlərini aşağı sağ künc hissədə rəqəmlər yazıb nömrələdim ki, məhz həmin müqavilənin surətini əldə edim. Xanım baxdıqda dedi ki, bura rəqəmləri niyə yazıbsınız? Bildirdim ki, həmin nüsxənin mənə verilməsi üçün rəqəmləri yazdım. O, yenidən qeyd etdi ki, sizə bunu yox, başqa bir nüsxə veriləcək. Beləcə, başqa nüsxəni çıxardıqda gördüm ki, həmin nüsxə 3 vərəqdən ibarətdi, yəni 4-cü vərəq yoxdur. Bankın əməkdaşından nədən 4-cü vərəqin verilmədiyini soruşduqda dedi ki, həmin vərəq ümumiyyətlə heç kimə verilmir”. Bunun səbəbini soruşduqda ətraflı və qaneedici cavab ala bilmədiyini vurğulayan vətəndaşın sözlərinə görə, bundan sonra şübhələr bir qədər də artıb: “Təbii ki, bu, heç bir halda doğru deyil. Qanunvericiliyin tələblərinə əsasən müqavilə tərəflər arasında razılaşma deməkdir. Əgər biz razılaşırıqsa, o zaman bu, qarşılıqlı olmalı və müqavilə eyni məzmunla hər iki tərəfdə qalmalıdır. Odur ki, mən müqaviləyə imza atıramsa, onu tələb etmək hüququm da var. Bu zaman xanım müdirini çağırdı. Qeyd edim ki, müdir də xanım idi və mən ona da vəziyyəti izah etdim. Dedim ki, əgər müqaviləni imzalayıramsa, onda müqavilənin sizin imzanız və möhürünüzlə bir nüsxəsi məndə qalmalıdır. Lakin o da təkidlə bildirdi ki, biz bunu verə bilmərik, mümkün deyil və bu, bizim qaydalardır. Qeyd edim ki, bu zaman ətrafda xeyli sayda vətəndaş, hətta onların arasında mənim tələbə yoldaşımın bacısının əri İlham adlı tanışım da vardı. Xülasə, mənə iki kart ayrıldı, onlardan biri valyuta, digəri isə manat hesabıyla idi. Ancaq bu vaxt bankın baş idarəsinə telefon açdılar və ordan bildirdilər ki, əgər vətəndaş müqavilə tələb edirsə, onda kartı ləğv edin. Beləcə, baş idarədən gələn göstərişdən sonra mənə kart verməməyi qərarlaşdırdılar. Bu halda dedim ki, mənim imzaladığım sənədləri geri qaytarın. Bu zaman dedilər ki, biz sənədləri qaytara bilmərik, onlar artıq sistemə düşüb. Təbii ki, haqlı olaraq etiraz etdim və bildirdim ki, kart verilmirsə, onda imza atdığım sənədləri geri qaytarın imzamı pozmalıyam. Dedim ki, bu halda müqavilə mütləq çırılmalıdır. Qeyd etdilər ki, biz sonra komissiya yaradıb bunu edəcəyik. Sözsüz ki, bu, heç də inandırıcı deyildi. Bu səbəbdən də təkidlə tələb etdikdən sonra 4 vərəqdən ibarət müqaviləni və onun 3 vərəqli surətini aldım, imzalarımın, o cümlədən sənəddə harda adım vardısa, üzərindən xətt çəkdim. Sonra hər kəsin gözü qarşısında çırdım və şəxsiyyət vəsiqəmi geri gətürdüm. Lakin nə qədər dedim ki, mənim adıma rəsmiləşdirdiyiniz kartları da geri qaytarın, kartları vermədilər və dedilər ki, onlar nömrəlidir, verə bilmərik”.

Beləliklə, Emin Qasımov sonda Hurriyyet.az vasitəsiylə aidiyyəti qurumlara müraciət edərək, onlardan bu məsələyə öz münasibətlərini bildirmələrini, müvafiq araşdırma aparmalarını xahiş etdi: “Çünki cənab prezidentimiz bir çox tədbirlərdə vətəndaşların bu kimi problemlərlə üzləşdikləri halda ona və aidiyyəti qurumlara müraciət etmələrini dəfələrlə vurğulayıb. Odur ki, mən də sizin vasitənizlə başıma gələn hadisə ilə bağlı müvafiq qurumlara müraciət edir, onlardan məsələnin araşdırılmasını, “Birbank Cashback kartı alarkən bağlanan müqavilə nə üçün vətəndaşlara verilmir? və “Müqavilənin sonuncu vərəqində nələr qeyd olunub ki, onu olduqca kiçik şriftlə yazırlar?” Həmçinin həmin sonuncu vərəqi vətəndaşa niyə vermirlər? Və adıma rəsmiləşdirilmiş 2 ədəd kartlar nə üçün ləğv edilmədi və ya mənə verilmədi? sualının cavablandırılmasını və sonda lazımi tədbirlərin görülməsini xahiş edirəm”.

Hurriyyet.az

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir