Cəmiyyət Manşet

“Azercell Telecom” DÖVLƏTLƏ TOQQUŞDU… – DETALLAR

 

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti abunəçilərə toplu SMS-lərin göndərilməsi ilə bağlı mobil xidmətlər bazarında hökmran mövqeyə malik “Azercell Telecom” MMC ilə tərəfdaşı “L-SİM” MMC arasında bağlanılan müqavilələrdə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri aşkar edib və hər iki müəssisə barədə iş qaldırıb.

Zirveyolu.info  bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, işə baxılması zamanı müəyyən edilib ki, “Azercell Telecom” “L-SİM”ə SMS-in qiymətində güzəşt tətbiq etməklə ayrı-seçkiliyə yol verib. Şirkətlər arasında rəqabəti məhdudlaşdıran müqavilənin bağlanması nəticəsində “Azercell Telecom”un inhisarçılıq fəaliyyətinə yol verilməklə “Antiinhisar fəaliyyəti haqqında” qanunu pozduğu sübut edilib. “L-SİM”in isə bu cür rəqabəti məhdudlaşdıran müqavilənin bağlanması ilə rəqiblərinin qərarlarının icrasına qanunsuz təsir etməklə haqsız rəqabətə yol verdiyi müəyyən edilib.

Bununla yanaşı, “Azercell Telecom”un abunəçilərə toplu SMS-lərin göndərilməsi ilə əlaqədar tərəfdaşlarla bağlanan müqavilələrdə 1 SMS-in yayımına görə ödəniləcək xidmət haqqının müəyyən məbləğdən aşağı təyin edilməməsi şərti qoyduğu da müəyyən edilib.

Qanun pozuntularının aradan qaldırılması üçün “Azercell Telekom” və “L-SİM”ə icrası məcburi olan göstəriş verilib. Bundan başqa, “Azercell Telecom”a qanun pozuntusu nəticəsində əldə etdiyi 1,6 milyon manat məbləğində vəsaitin dövlət büdcəsinə ödənilməsi haqqında icrası məcburi göstəriş verilib. Haqsız rəqabətə yol verdiyinə görə “L-SİM”ə 127 min manat maliyyə sanksiyası tətbiq edilib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir