“Hərbi prokuror 5 il idi ki, işgəncə qurbanlarının üsyanını “nağıl” adlandırırdı, sonda bəlli oldu ki, dövlətə və xalqa yalanı kim danışır. Keçmiş Baş prokuror Zakir Qaralov bir dəfə də olsun o analarla görüşmədi və saxta ittihamnamələri araşdırmadı. İndi hər ikisi Ali Baş Komandandan, xalqdan, ordumuzdan və qurbanlardan üzr istəməlidilər”.
Bunu Milli Məclisdə çıxışı zamanı deputat Zahid Oruc bildirib.
O qeyd edib ki, 5 ildən sonra alnıaçıq, lakin bədənləri zorakılıq izləri, qəlbləri incidilmiş adamları dövlət və cəmiyyət bağrına basmalıdır ki, haqlarını qaytara bilsin: “Tərtər kimi qəhrəman şəhərin adını ləkələmək istəyən, vətəndaşların hüquq sisteminə etibarını zədələyən adamlar sonda ifşa olundular. Saxta xəyanət hökmlərinin sifarişçiləri, təşkliatçıları, müdafiəçiləri, hərbi hissələrdə “samosud” təşkil edənlər, qurbanları Hospitallarda cəza palatalarına bağlayanlar, Hərbi Prokurorluğun kölə müstəntiqləri və andsız hərbi hakimlər 5 il dövlət əleyhinə təbliğata bais olduqlarına görə məsuliyyət daşıyırlar. O casusluq işində imtiyaz və rütbə qazananlar da kənarda qalmamalıdır”.
Deputat vurğulayıb ki, torpaqları düşmən əlində olan bir xalqın 405 nəfərini satqınlıqda günahlandırmaq özü böyük xəyanətdir: “Saya diqqət yetirin, “samosudçu”lar və Hərbi Prokurorluq bir taboru, xüsusi vurğulayıram, bir taboru ermənilərin şantajına boyun əkməkdə ittiham edib. Belə adamlar niyə gedib Ermənistanda müstəntiqlik etmirlər? Hərbçilərə işgəncə verəndə düşmən sevinirmiş ki, onların gücü çatmadığı işi bunlar görür. Lakin Baş Prokurorluq sübut etdi ki, xəyanət dosyesi saxtadır. Bax, Vətən müharibəsində qələbəmizin sirri bundadır”.
Deputat qeyd edib ki, Türkiyədə Ergenekon və Balyoz əməliyyatları ilə şifrələri dəyişib 588 şəxsi həbs edən, dostu düşmən, xaini sadiq göstərən, dövləti daxildən sarsıtmağa və ordu ilə rəhbər arasında nifaq salmağa çalışanlar eyni əməli 2017-ci ildə ölkəmizdə təkrarladılar: “Dəyişdirilmiş parollara görə tələyə düşənlər savadsız və maymaq komandirlər, müstəntiqlər və hərbi prokurorluq idi. Casusluq dosyesindənsə, ən çox ziyan çəkən dövlətdir. Lakin Prezident İlham Əliyev düşmənlərin planlarına qalib gəldi. İstintaqın əlinin çatmadığı 100 minlərlə döyüşçü ilə yanaşı, azadlıqda olan zərərçəkən şəxslər də ermənilərlə igidliklə vuruşaraq düşmənə əsir düşmədilər. İstintaqsa, onlardan satqın düzəltmək istəyirdi. Prezidentin tapşırığı ilə Baş Prokurorluq elə bir qərar qəbul etdi ki, bir daha hüquq tariximizdə belə ləkəli hadisə təkrarlanmasın.
Aprel döyüşlərindən sonra 405 adamı linç etdirən düşmən qələbəmizdən sonra görün hansı təxribatları hazırlayır. O müstəntiqlərin son 5 ildəki digər işlərdə ədalətli olduğuna kim inanar?! Onlar xalqın etibarını itiriblər. Ona görə də Hərbi Prokurorluğu ləğv edib Tərtər işini ədalətlə sona çatdıran müstəntiqləri ora cəlb etmək MTN-dən sonra Dövlət Təhlükəsizliyi Xidməti kimi uğurlu nümunə yaradan ölkə rəhbərinin qərarını xatırlatmaqda fayda var”.
Zahid Oruc qeyd edib ki, zərərçəkənlərə təzminatı dövlət deyil, saxta işi tərtib edən şəbəkə üzvləri ödəməlidir: “Daha 12 nəfərlə bağlı da obyektiv qərar çıxarılacağına inanırıq. Nə qədər ki, cinayətkarlar azadlıqdadır, onların növbəti saxta casusluq və xəynatə ssenarasi ilə orduya və dövlətə qarşı qəsdlər davam edəcək”.
Deputat xatırladıb ki, Respublika Baş Prokurorluğunun qərarı ilə Ermənistana casusluq adı ilə məhkum edilən 19 şəxsə bəraət verilməsi, nəhayət, ədalətin qələbəsidir: “Yalnız cənab Prezidentin məsələyə müdaxiləsi və yeni İstintaq Komissiyası yaratmasından sonra 2 ay ərzində ləyaqətli müstəntiqlər yüzlərlə şəxsi dindirərək kənar təzyiqlərə və təxribatlara baxmayaraq, 288 zərəçəkən şəxsin işini yenidən icraata qəbul edərək ümumilikdə 405 nəfərin hüquqlarını təmin edirlər”.
***
Məsələyə deputat Qənirə Paşayeva da münasibət bildirib: “Tərtər hadisələrində işgəncə verənlər, işgəncə əmrini verənlər hardadılar? Cəmiyyət bu adamları, bu adamların ən ağır cəza almasını görmək istəyir. Hardadır bu müstəntiqlər? Bu müstəntiqlər təkrar bu sistemdə çalışacaqsa, o zaman Azərbaycan xalqının hüquq-mühafizə orqanlarına necə inamı ola bilər?”.
Onun sözlərinə görə, həmin işgəncəni verənlərin hansı cəzanı alması televiziya ekranlarında xalqa göstərilməlidir: “Bu işi aparan müstəntiqləri Azərbaycan cəmiyyəti görməlidir. Həmin işi casusluq maddəsi ilə aparan müstəntiqləri Azərbaycan xalqı görməlidir. Biz görməliyik. Mən şəxsən bu üzrü gözləyirəm. Burdan danışıram. Mənə casusları müdafiə edirsiniz deyənlər – özləri yaxşı bilir kimlər idi, çıxsınlar üzr istəsinlər. Demək biz casusları deyil, ədaləti müdafiə edirmişik”.
O, həmçinin bu işin ədalətlə açılmasına görə Prezident İlham Əliyevə təşəkkür edib: “İnanıram ki, televiziyalarımız bəraət alan insanlar barədə geniş verilişlər verəcəklər ki, onların balaları məktəbələrə o psixoloji təzyiq olmadan alnı-açıq, üzüağ getsin. Onların valideynlərin yaşadığı o acı ən azı biraz yumşalmış olsun”.