Cəmiyyət Manşet

Gömrük Komitəsinin rəis müavininin intiharı və axtarışda olan sabiq deputatın 20 ildir Naxçıvanda gizlədilməsi… – İLGİNC İDDİALAR…

 

Naxçıvan xırda yer deyil və orada neqativliklərin, şikayətlərin olması təbiidir. Belə şikayətlərin hazırda daha çox nəzərə çarpması gedən ümumi proseslərlə bağlıdır. Uzun müddət informasiya blokadasında saxlanılan Naxçıvanda baş verən yumşalma insanlarda öz məişət problemlərini belə , mediaya çıxarmaq kimi həvəs yaradıb.

Ancaq fikir verirəm ki, Naxçıvanla bağlı daha ciddi məlumatların ictimaiyyətin diqqətinə çatdırılmasına böyük maraq göstərilmir. Bunun da bir sıra səbəbləri var. Əslən Naxçıvandan olmayan jurnalistlərin belə informasiyalara əli çatmır , əli çatanlar isə yalnız özlərinə və dostlarına sərf edən məlumatları bəzəyib-düzəyib cəmiyyətə təqdim edirlər. Sanki, “Naxçıvanda “inqlabı” biz edirik” , kimi bir rəy formalaşdırmağa çalışırlar.

Hazırda Naxçıvanla bağlı media fəallığı göstərən bir neçə qrup fəaliyyət göstərir: səmimi olaraq bu prosesə qoşularaq, Naxçıvandakı neqativlikləri doğru-dürüst şəkildə cəmiyyətə çatdırmaq istəyənlər, Vasif Talıbovun yuxarıların “dobrosu” ilə vurulduğunə əmin olub, elə yuxarılara (bizdə prosesin içərisindəyik) mesajını verməklə, özlərini gözə soxmaq istəyənlər və MR Ali Məclis sədrinin təmsil olunduğu keçmiş məmurlardan ibarət komanda ilə düşmənçilik mövqeyində olanların əlinə baxan media nümayəndələri.

Müşahidələrim göstərir ki, Azərbaycan cəmiyyətinin “ aclıqla” oxuduğu Naxçıvanla bağlı məlumatların arasında kifayət qədər dezinformasiyalar var. Naxçıvanın bir sıra dövlət qurumlarının indiyə qədər işlədikləri qapalı üsül – idarə vərdişi onlara hansısa yalan məlumatı belə təkzib etmək kimi səlahiyyəti vermir və belə bacarığı formalaşdırmayıb.

Bu yöndə dəqiqləşmə aparan jurnalistləri isə kiminsə adamı olmaq kimi qınağa və preysinqə tuş gətirilirlər ki, onlar prosesdən kənar saxlanılsın. Çünki dezinformasiyaların təkzibi bəzi dairələrə qəti sərf etmir. Bu səbəbdən də, Naxçıvanla bağlı məlumatların təqdimatında kifayət qədər qüsurlar və korporativ çevrə maraqları nəzərə çarpır.

Məsələn, bugünlərdə mənim ictimailəşdirdiyim sabiq deputat İbrahim Cəfərovla bağlı ciddi məlumata bəslənən münasibətdən də bunu aydın hiss etdim. Sual oluna bilər: Cinayət Məcəlləsinin ən ağır 13 maddəsi ilə rəsmi axtarışda olan və 20 ildir Naxçıvanda gizlədilən sabiq deputat Cəfərov İbrahimlə bağlı mövzu niyə Naxçıvanla bağlı “həqiqət çarçılarına “ maraqlı gəlmədi? Bəyəm, Naxçıvandakı özbaşıbalığı ifşa etmək üçün bundan tutarlı fakt ola bilərdi?

Yalnız bu deyil. Diqqətinizi elə də keçmişə təsadüf etməyən Naxçıvanda baş vermiş bir tükürpədici hadisəyə cəmləmək istərdim. Söhbət Naxçıvan Gömrük Komitəsinin sədr müavini Mirməhəmməd Seyidovun 2017-ci ildə intihar (?) etməsindən gedir.
Əslində Naxçıvan Gömrüyündə “islahat” hələ 2017-ci ildən başlamışdı. Həmin ilin noyabrın 26-da Naxçıvan MR Gömrük Komitəsinin sədri , Vasif Talıbovun ən yaxın dostu olan Asəf Məmmədov gözlənilmədən vəzifəsindən azad olundu.

Bundan sonra Gömrük Komitəsinin rəhbərliyinin fəaliyyəti dərindən təftiş olunmağa başladı. Həmin vaxt Mirməhəmməd Seyidov Komitə rəisinin müavini işləyirdi. Bildirilir ki, təxminən 15 gün istintaqa aparıb gətirilən Seyidovdan kiminsə əleyhinə ifadə vermək tələb olunur.

Daim istintaqa çağırılan və ciddi psixoloji təzyiq altında olan M.Seyidov buna razı olmur və Şərur rayonunun mərkəzindəki yarımçıq binanın birinci mərtəbəsində odlu silahdan açdığı atəşlə həyatına son qoyur. Şərur əhalisi arasında onun özünə qəsd etdiyi barədə xəbərə inanmayanlar da az deyil. Nə qədər maraqlı olsa da, ailəsi onun daimi yaşadıqları Naxçıvanda deyil, Bakıda dəfn edilməsini istəyir və çətin olsa da buna nail ola bilir.

Xatırladaq ki, əvvəllər Sədərək gömrüyünün rəisi vəzifəsində işləmiş M.Seyidov Türkiyədə məşhur həbs olayından sonra vəzifəsinə qayıtsa da, 2017-ci ilin iyun ayında vəzifəsindən uzaqlaşdırılmış, bir neçə aydan sonra Gömrük Komitəsinin rəis müavini vəzifəsinə təyin olunmuşdu.
Ümumiyyətlə, bu intiharla bağlı qaranlıq məqamlar çoxdur. Əsl araşdırmalı mövzular bunlar deyilmi?

Məhəmmədəli QƏRİBLİ, //Azinforum.az//

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir