Quba təhsili ACINACAQLI DURUMDA: Tariximizi görün, KİMLƏR ÖYRƏDİR… – NAZİRİN NƏZƏRİNƏ…
“Əsl vətəndaş Vətəni sevməyi bacarmalıdır. Dilini, dinini, milli-mənəvi dəyərlərini, Vətəninin ərazi bütövlüyünü qorumağı, qanunlarımıza hörmətlə yanaşmağı bacarmalıdır. Dövlət rəmzlərimizi bilməli, sərvətlərimizi göz bəbəyi kimi qorumağı, qanunlarımıza hörmətlə yanaşmağı bacarmalıdır. Ən ümdəsi isə odur ki, həyatda yerini düzgün tutmalı, Vətənə layiqli övlad olmalıdır. Əsl vətənpərvər lazım gələndə canını qurban verməyi belə, bacarmalıdır”. Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.
Məqalədə daha sonra bildirilir: “Biz bu gün sevinirik ki, yüksək vətənpərvərlik hissləri ilə tərbiyə olunmuş gəncliyimiz var və bu gənclik böyük siyasi irsin daşıyıcısı, Ali Baş Komandanımız, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çağırışı ilə 44 günlük Vətən müharibəsi dövründə işğal altında olan torpaqlarımızı azad etdilər və tarixi qədim olan Azərbaycanımızı öz ərazi bütövlüyünə qovuşdurdular. Bu nöqteyi-nəzərdən, tarix müəllimlərinin üzərinə böyük vəzifə düşür. Şanlı Qələbəmizin əhəmiyyətini, onun nəticələrinin qorunmasının vacibliyini yetişməkdə olan nəslə çatdırmaq, Vətən müharibəsi qəhrəmanlarını tanıtmaq, şəhidlərimizin xatirəsinin əziz tutulmasını təbliğ etmək və s. Nəzərə alsaq ki, bu gün təlim-tərbiyə verdiyimiz yeniyetmə və gənclər sabahın Vətən müdafiəçiləridir, əminlik hissi ilə qeyd etmək olar ki, yeni nəslin vətənə sevgi, vətənpərvərlik, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunması, Azərbaycanımız üçün əsl vətəndaş yetişdirmək böyük gələcəyimiz naminə ən mühüm şərtlərdən biri kimi təhsilimizin qarşısında duran əsas vəzifədir.
Lakin müşahidələr və etibarlı mənbələrdən alınan məlumatlar göstərir ki, tarix müəllimləri arasında bu olduqca vacib vəzifəni layiqincə yerinə yetirməyənlər var və daha təhlükəli meyl budur ki, bu müstəvidəki nöqsanlar heç də öyrədənin peşəkarlıq səviyyəsinin azlığından deyil, bəzən siyasi orientasiyasının şübhəli olmasından irəli gəlir. Bu günlərdə redaksiyamıza daxil olmuş məlumata görə, Quba rayon 1 nömrəli orta məktəbin tarix müəllimi Ələkbərova Aynurə Lətif qızı tarix fənnində Vətən müharibəsinin əhəmiyyətini, torpaqlarımızın geri alınması ilə bağlı məsələləri düzgün rakursdan tədris etmir, şagirdləri çaşqınlığa salır. Adının çəkilməsini istəməyən valideyn bildirir ki, müəllimə bir neçə dəfə bu məsələ ilə bağlı iradlarını bildirsə də, A.Ələkbərova ona sərt cavab vermiş, özündənrazı halda “məndə heç kim nöqsan tuta bilməz” demiş, üstəgəl, arxasının möhkəm bağlı olduğunu, qohumunun əslən naxçıvanlı “kürəkəninin” yüksək vəzifədə işlədiyini, lazım gəlsə həmin şəxsi məlumatlandıracağı, təsirli tədbir gördürəcəyi ilə hədələmişdir.
Məlumatı təqdim edən mənbə bu məsələnin KİV-də ictimailəşdirilməsindən sonra aidiyyəti qurumların həmin müəllim barəsində araşdırma aparacağına, fəaliyyətinin yoxlanılmasının təşkil ediləcəyinə, barəsində lazımi ölçü götürəcəyinə ümid edir. Bizə də maraqlıdır: Görəsən, tarix üzrə dərs vəsaitinin üz qabığında xaçmazlı Topçu Vüsalın fotoşəklinə qubalı Aynurə müəllimənin münasibəti necədir?”
Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq…