9.12.2022-ci il tarixində “DogruXeber.az” informasiya portalında “Xətai rayonunda bu tikintilərə kimlər, niyə göz yumur ? – FOTO” başlığı altında bir yazı yayımlamışdıq.
Sözügedən yazıda Xətai rayonu Həzi Aslanov qəsəbəsində, Kazımağa Kərimov və Şirin Mirzəyev küçələrində gecədən-gecəyə aparılan qanunsuz tikintilər, həmçinin Neyrocərrahiyyə xəstəxanası ilə üzbəüz avtobus dayanacağına bitişik, yolun düz yaxınlığında aparılan biznes obyektinin tikintisi barəsində məlumatlar yer alırdı.
Biz bütün bunlar barəsində dərc etmədən əvvəl Xətai rayon İcra Hakimiyyətinə məlumat vermişdik. Həmçinin 14.12.2022-ci il tarixində Dövlət Şəhərsalma və Tikinti Arxitektura Komitəsinin elektron ünvanına da rəsmi müraciət göndərmişdik.
Hətta, müraciəti göndərdikdən 2-3 gün sonra quruma zəng edib, nədən cavablandırılmadığını soruşmuşduq.
Qurumdan bildirilmişdir ki, “qeyd edilən ünvanlara nümayəndə göndərəcəyik, gedib araşdırsınlar”.
– “Bəs bizə cavabı nə vaxt göndərəcəksiniz?” sualımıza isə, – “Saat indi 5-dir, iş vaxtı bitməyinə az qalıb. Yəqin ki, sabah ” cavabını almışdıq.
Lakin, təəssüflə bildiririk ki, müraciətlərimiz hər iki qurum tərəfindən bugünə qədər cavabsız qalıb.
Yeri gəlmişkən, elə müraciətimizin bugünə qədər cavabsız qalma səbəbini öyrənmək üçün bu gün Dövlət Şəhərsalma və Tikinti Arxitektura Komitəsinə zəng etdik.
Telefona cavab verən xanım operator ümumi şöbəyə yönləndirəcəyini bildirdi və xəttə gözləməyi xahiş etdi.
Bir neçə dəqiqə gözlədikdən sonra dəstəyi kargüzarlıq şöbəsindən Zahid adlı şəxs qaldırdı.
– “Zahid müəllim, dekabrın 14-də sizin elektron ünvanınıza rəsmi müraciət göndərmişik, amma buvaxta qədər tərəfinizdən heç bir cavab verilməyib. Bunun səbəbini öyrənə bilərik?”, deyə soruşduq.
Zahid bəy müraciətimizi axtarmaq üçün bizi xeyli telefonda gözlətdi. Dəstəyin o biri tərəfindən gələn səslərdən belə başa düşdük ki, Zahid bəy xanım köməkçisi ilə baxılmamış müraciətlər arasında bizim müraciətimizi axtarır, tapa bilmir.
– “Zahid müəllim, bu qədər axtardığınıza görə belə başa düşdüm ki, siz müraciətimizə bugünə qədər baxmamısınız və indi zəng etməsək, heç baxmayacaqdınız da”, deyə soruşduq.
Zahid bəy isə, “Xeyr, ay xanım. Siz düz başa düşmədiniz. Gözləyin indi tapırıq ” deye”cavab ” verdi. Hərçənd ki, buna “cavab ” da demək olmaz.
Nəhayət xeyli axtarışdan sonra müraciətimiz (yəqin ki, baxılmamış çoxsaylı müraciətlər arasından) tapıldı və müraciətlə tanış olub, sonra cavab vermək üçün bizdən əlaqə nömrəsi istənildi.
Nə yaxşı ki, müraciəti göndərəndən 8 gün sonra əlaqə saxlayıb, yadlarına saldıq, yoxsa yəqin ki, heç məlumatlarla da tanış olmayacaqlardı, nəinki cavab vermək.
İndi də gözləyək görək, cavabı nə vaxt verəcəklər.
Qeyd edək ki, haqqında bəhs etdiyimiz tikintilər artıq, başa çatmaq üzrədir.
Yeri gəlmişkən, onu da diqqətinizə çatdırırıq ki, Şəhərsalma və Tikinti Arxitektura Komitəsinə “DogruXeber.az” informasiya agentliyi olaraq, dəfələrlə – Yasamal rayonun bir neçə fərqli ərazilərində, həmçinin Xətai rayonu ərazisində aparılan tikintilər barəsində rəsmi müraciətlər göndərmişik. Lakin, müraciətlərimizdə qeyd etdiyimiz bütün qanunsuz tikintilərin inşası axıra qədər davam etdirildi. Aidiyyatı qurum – ARXKOM isə kimsəyə “gözün üstə, qaşın var” demədi.
Maraqlıdır, bu qədər qanunsuz işlərə qurum tərəfindən susaraq verilən razılığın səbəbləri nələrdir?
Bir halda ki, ölkə başçısı özü belə bir neçə dəfə şəhərsalma barəsində iradlar səsləndirib, o zaman ARXKOM -un bu “rahatlığı” nəyin, yaxud kimin verdiyi güvəncidir.
Redaksiyamız hər kəsin söz haqqını tanıyır.
DogruXeber.az