“DogruXeber.az” informasiya portalında ötən həftə Sabirabad rayon, Şəhriyar kənd sakini Rauf Həsənovun orta məktəbi barəsindəki giley-güzarı yayımlanmışdı.
“Kanal14″ YouTube kanalımızda yayımlanan”Kamalın zamanı” proqramı ilə canlı bağlantı yaradan Rauf Həsənov sakini olduğu Sabirabad rayon Şəhriyar kəndinin 8 şəhid vermiş orta məktəbinin bərbad şəraitindən, sinif otaqlarının soyuq olmasından, məktəbin istilik sistemlərinin, akt zalının döşəməsinin sökülüb satılmasından bəhs etmişdi.
Bu dəfə isə “Kamalın zamanı” proqramı ilə Şəhriyar kəndinin daha bir sakini Namiq Fərzəliyev canlı bağlantı yaradaraq, sinif otaqlarında qızdırıcı kimi təhlükəli neft sobalarından istifadə edildiyi, eyni zamanda həmin sobalara da ucuz başa gəlsin deyə, neft deyil, mazutla çalışdırıldığını vurğulayıb.
Namiq Fərzəliyevin sözlərinə görə məktəbdə neft yanacağının alınması üçün pul silinir, lakin həmin silinən məbləğin cüzi bir hissəsinə neft deyil, mazut alınır. Hansı ki, sinif otaqlarında yandırılan mazutun tüstü və zəhərli qazının uşaqların nəfəs almalarında nə qədər çətinlik yaratdığını və ciyərlərini zəhərlədiyini də uşaqdan böyüyə hər kəsin bildiyi reallıqdır.
Üstəlik də sakinlər bildirirlər ki, durumdan narazı valideynlər məktəbin mövcud vəziyyətini lentə almasınlar deyə, məktəbə buraxılmırlar.
Amma, işin əslini düşünəndə ,21-ci əsrdə Elm və Təhsil nazirinin, eləcə də nazirliyn səlahiyyətli nümayəndələrinin pafosla xüsusi vurğuladıqları “Müasir Azərbaycan təhsili”nin təməli olan bu və digər bir neçə orta məktəblərin bu cür şəraitsiz olmasında nə müəllimin günahkardır, nə də direktor.
Dövlət büdcəsindən demək olar ki, hər il ayrılan milyonların haralara sərf edildiyini yalnız özü bilən aidiyyatı qurum bu cür problemləri nəzarətə götürməli, birdən-birə olmasa da, heçolmasa ardıcıl şəkildə həlli istiqamətində gərəkən addımları atmalıdır.
Amma, təəssüflər olsun ki, son illər demək olar ki, bütün sahələrdə saysız şikayətlər və şikayətçilər olmadıqca, aidiyyatı qurumlar yaranmış problemləri aradan qaldırmaq barəsində düşünmürlər.
Amma, göründüyü qədərilə təhsil sahəsindəki şikayətlər və şikayətçilər “lazım olan limit”in pik həddindədirlər.
Mövzuya deyəsən hələ çox qayıdacağıq.
Redaksiyamız hər kəsin söz haqqını tanıyır.
DogruXeber.az