Bakı Nəqliyyat Agentliyi hər gün gecikən avtobusların siyahısını təqdim edir. Eyni zamanda bu qurum əhalinin şəxsi avtomobillərdən imtina edib, ictimai nəqliyyatdan istifadə etməməsi ilə bağlı çağırışlar edir. Şəhərin yolları tıxac, metro dolu, avtobuslar isə gecikir.
Sərnişinlər soyuq günlərdə belə ya avtobusla getmək üçün saatlarla gözləməli olur, ya adam dolu metroda nəfəs ala bilməyəcək qədər sıxlıqla hərəkət etməli olurlar. Şəxsi avtomobili olanlar isə bir az fərqli olaraq, saatlarını tıxaclarda keçirir. Bakıda hərəkətin nizamlanmasına cavabdeh olan qurum BNA isə tövsiyyə edir, çağırış edir. Yəni sözün əsl mənasında Bakıda nəqliyyatın hərəkətini təşkil edən qurum yoxdur. Bakıda nəqliyyatın hərəkətini hansı qurum tənzimləməlidir ki, hər gün minlərlə vətəndaşın hüquqları belə, kobud şəkildə pozulmasın?
Zirveyolu.info-ın məlumatına görə, nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Bakı Nəqliyyat Agentliyinin öz avtobusları yoxdur. BNA tənzimləyici qurum kimi bu sahədə bir vasitəçidir. Onun işi sadəcə nəzarət etməkdir.
“Daşıyıcı şirkətlərin fəaliyyəti diqqətdə saxlanılmalıdır və s. BNA –nın tabeliyində sadəcə olaraq bugünə qədər “Bakubus” olub. “Bakubus” da artıq BNA-dan alındı, Azərbaycan İnvestisiya Holdinqinə verildi. Ona görə BNA bu məsələni sadəcə tənzimləyə bilər, danışıqlar apara bilər, müraciət edə bilər. Marşrutlarda problem varsa, həmin marşrutu Nazirlər Kabinetinin 52 saylı qərarına əsasən müsabiqəyə çıxara bilər, və s. işlər görə bilər. Eyni zamanda, NK-nın 141 və 75 saylı qərarları var. Burada ictimai nəqliyyatın tənzimləməsi və sərnişin daşıma qaydalarına aid məsələlər yer alıb. Onları həll edə bilər. BNA-nın görə biləcəyi başqa hər-hansı bir iş yoxdur”-deyən ekspert bildirib ki, ümumilikdə isə BNA-nın bugünkü fəaliyyəti qənaətbəxş deyil.
“Bu səbəbdən də agentliyin fəaliyyəti ilə başqa cür məşğul olmaq lazımdır. Çünki agentliyin fəaliyyəti dövründə Bakı şəhərində ictimai nəqliyyatda, hərəkətin təşkilində, taksi fəaliyyətində və digər sahələrdə çox ciddi problemlər ortaya çıxıb”.
E.Muradlı hesab edir ki, agentliyin fəaliyyəti qənaətbəxş olmadığına, ciddi şəkildə hərəkətin təşkili, ictimai nəqliyyat, taksi fəaliyyəti və digər məsələlərlə bağlı dəyişikliklər olmadığına görə bu qurum lazımsız bir qurumdur.
“Fəaliyyət aspektlərinə baxanda görürsünüz ki, hər-hansı bir iş görə bilmədiyinə görə, bu qurumun fəaliyyətini başqa daha böyük və bu işlə birbaşa məşğul olan qurumlar həll edə bilər. Məsələn, BNA Dövlət Yol polisinin, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliyinin və eləcə də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin arasında bölünməlidir”-deyən E. Muradlı hesab edir ki, ümumiyyətlə nəqliyyat sistemi bir mərkəzdən idarə olunmalıdır.
Ekspert hesab edir ki, Bakıda bir qanun, Şəkidə başqa bir qanun işləməməlidir. Amma, təəssüf ki, Azərbaycanda belədir.