Balaxanı Əməliyyat Şirkətinin iki vəzifəli şəxsi neftli ərazidə restoran tikdirir – ÖZBAŞINALIQ!
Hüquq müdafiəçisi indiyədək neft buruqlarının olduğu ərazini satdığına görə kiminsə cəzalandırıldığını eşitmədiyini deyir
“İllərdir ki, neft sahəsində yaşayanların həyatının təhlükədə olduğunu bildiririk. Araşdırmalar göstərir ki, neftlə çirklənmiş ərazilərdə yaşayanlar onkoloji və allergik xəstəliklərə digərlərindən daha çox yoluxurlar. Lakin neftlə çirklənmiş, yaxud neft buruqlarının olduğu ərazilər hələ də satılır”.
Bunu Meydan TV-yə Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı bildirib.
Hüquq müdafiəçisinin sözlərinə görə, təşkilata daxil olmuş məlumata (video material) əsasən Balaxanı Əməliyyat Şirkətinin ərazisində restoran tikintisinə başlanılıb.
Halbuki ərazidə həm işlək, həm də bağlı neft quyuları var, sağlamlıq üçün risklidir.
Sözügedən ərazi Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan kontrakt ərazisidir. Belə ki, 2010-cu ilin iyun ayında (ARDNŞ), ARDNŞ-in “Ortaq Neft Şirkəti” (ONŞ) və Sinqapurun “UQE-Lancer PTI. Ltd” şirkəti arasında “Hasilatın Pay Bölgüsü haqqında” Saziş (UQE-Lancer PTİ Ltd – 75%, SOCAR ONŞ – 25%) bağlanıb.
“Sağlamlıq üçün riskli hesab edilən ərazilər uzun illərdir hissə-hissə satılır və təəssüf ki, satılmaqda da davam edir. Restoranın da Balaxanı Əməliyyat Şirkətinin iki vəzifəli şəxsinə aid olduğu bildirilir. Tikintiyə başlamazdan öncə ərazidəki neft buruğu demontaj olunub, ləğv edilib. Amma məsələyə hələ ki ARDNŞ tərəfindən münasibət bildirilməyib”, – hüquq müdafiəçisi deyib.
Mirvari Qəhrəmanlı xatırladıb ki, neft ərazisində sadə vətəndaşın evi qanunsuz olduğu əsas gətirilərək sökülür, indiyədək yüzlərlə vətəndaş məhkəməyə verilib. Amma iş öz əməkdaşlarına gəldikdə susurlar.
Üstəlik, neft buruqlarının olduğu ərazini satdığına görə indiyədək heç kimin cəzalandırıldığının şahidi olmayıb.
ARDNŞ-dən məsələyə münasibət bildirməyiblər.
Balaxanı Əməliyyat Şirkətinə məxsus telefonlara cavab verən əməkdaş isə sualı dinləyəndən sonra telefonu söndürüb. //Meydan TV//