Cəmiyyət

Dahi şəxsiyyətin adını daşıyan kinoteatr niyə talan edilib? – FOTOFAKT

Bir vaxtlar rayon camaatının ən sevimli məkanı olmuş, hazırda isə unudulmuş, dağılmış və bərbad vəziyyətə düşmüş kinoteatrdan danışacağıq. Söhbət Kürdəmir rayonunun mərkəzində yerləşən – dahi şəxsiyyət Nizami Gəncəvinin adını daşıyan kinoteatrdan gedir.

Acınacaqlı vəziyyətdə olan kinoteatrın mövcud vəziyyətini öyrənmək üçün əməkdaşlarımız adı çəkilən məkanda olub və müəssisənin bərbad vəziyyətə düşməsinin səbəblərini öyrənməyə çalışıblar.

Zirveyolu.info Bizim.Media-ya istinadla xəbər verir ki, Kürdəmirdəki Nizami adına kinoteatr 1960-cı ildə istifadəyə verilib.

O vaxtdan kinoteatr rayon sakinlərinin kiçikdən-böyüyə – hamının sevimli məkanına çevrilib.

Fəaliyyətə başlayandan hər gün burada dörd seans olmaqla, yerli və xarici filmlər nümayiş olunub, müxtəlif tamaşalar göstərilib. Gün ərzində minlərlə rayon sakini klubun təqdim etdiyi xidmətlərdən istifadə edib.

Klassik memarlıq üslubunda birtipli layihə əsasında tikilmiş və 250 tamaşaçı yerlik olan kinoteatr vaxtilə şəhərin görünüşünə xüsusi gözəllik bəxş edirdi. Klub 32 il rayon sakinlərinə xidmət etdikdən sonra 1992-ci ildə müxtəlif səbəblərdən fəaliyyətini dayandırıb.

Təəssüflər olsun ki, bir vaxtlar şəhər sakinlərinin bilet üçün növbəyə durduğu və sevərək baxdığı film və müxtəlif layihələrə tamaşa etdikləri bu məkan hazırda insana sanki dağıdılmış, tərk edilmiş və talan edilmiş bir məkanı xatırladır.

Klubda çəkiliş apardığımız vaxtda da zalda oturacaqların olmadığını, qapı pəncərələrin söküldüyünü və taxta parçaları ilə qapadıldığını, eləcə də kinoteatrın işıqlanması üçün istifadə edilən böyük çilçıraqların olmadığının da şahidi olduq. Gördüyümüz mənzərədən belə qənaətə gəlmək olar ki, klubun illər öncə fəaliyyətinin dayandığını fürsət bilən “işbazlar” müəssisəyə aid olan əşyaları, invertarları oğurlayaraq mədəniyyət ocağını talan ediblər.

Klubun vaxtilə xidmətlərindən istifadə etmiş rayonun yaşlı nəslinin nümayəndələri ilə həmsöhbət olduq.

Onların bu klub haqqında olan təəssüratlarını dinlədik. Rayon sakinləri bu klubun vaxtilə rayon camaatının ən sevimli məkanı olduğunu bildirdilər və bu kinoteatrın yenidən bərpa olunaraq istifadəyə verilməsinin istər yaşlı, istərsə də gənc nəsil üçün vacib amil olduğunu bildirdilər.

Hazırda Mədəniyyət Nazirliyinin balansında olan kinoteatrın acınacaqlı vəziyyətinin səbəblərini öyrənmək üçün üz tutduq Kürdəmir Regional Mədəniyyət İdarəsinə. İdarənin rəis müavini Vaqif Alıyev bildirdi ki, vəziyyətdən xəbərdardırlar və bununla bağlı Mədəniyyət Nazirliyinə artıq müraciət edilib.

Müraciətə əsasən binaya baxış keçirilib. Qurum rəsmisi onu da bildirdi ki, əslində “Nizami” kinoteatrı qəzalı vəziyyətdə olan bina deyil, sadəcə istismar müddətindən artıq işlənib və yenidən qurulmasına ehtiyacı olan binadır.

Bu gün binadan istifadə etmək qeyri mümkündür. “Nizami” kinoteatrı 1960-cı ildə sovet dönəmində əhaliyə kino xidməti göstərilməsi üçün tikilmiş yeganə kino müəssisəsidir.

Uzun illər istismar olunub. 1991-92-ci illərdə AXC-Musavat hakimiyyəti müddətində həmin binada görülmüş işlər dayandırılıb və bina əslində tarmar olunub, sıradan çıxarılıb. Sonralar da binanın bərpası istiqamətində “Azərkino” video birliyinin tərkibində olanda heç bir addım atılmayıb.

“Nizami” kinoteatrı hazırda Kürdəmir regional Mədəniyyət idarəsinin balansındadır. Binanın əsaslı yeniudənqurmaya ehtiyacı var. Əvvəllər də dəfələrlə müraciət olunub, bu məsələ isə öz həllini tapmayıb. Bu yaxınlarda binanın əsaslı yenidənqurulması ilə bağlı Respublika Mədəniyyət Nazirliyinə müraciət olunub və məsələyə müsbət cavab verib. Binaya baxış keçrilib.

Yəqin ki, yaxın vaxtlarda binanın əsaslı şəkildə yenidən qurulması məsələsi gündəmə gətiriləcək və müəssisə öz təyinatı üzrə istifadə üçün əhalinin istifadəsinə veriləcək.

Aidiyyəti qurumlar həmişə olduğu kimi, yenə söz veməklə işlərini bitmiş hesab edirlər. Ümid edək ki, dahi şəxsiyyətin adını daşıyan bu məkan əsaslı təmir olunar və yenidən rayon sakinlərinin sevimli məkanına çevrilər.

Mövzunu diqqətdə saxlayacağıq.

Dahi şəxsiyyətin adını daşıyan kinoteatr niyə talan edilib?
Dahi şəxsiyyətin adını daşıyan kinoteatr niyə talan edilib?
Dahi şəxsiyyətin adını daşıyan kinoteatr niyə talan edilib?
Dahi şəxsiyyətin adını daşıyan kinoteatr niyə talan edilib?

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir