Cəmiyyət

Ağsu məmurları Qarabağ Qazisinə qarşı… – NARAZILIQ VAR!

 

Bütün bölgələrdə olduğu kimi , Ağsuda da illərdir məmur özbaşınalığı hökm sürür. Pandemiya dövründə bu özbaşınalıq hökmranlığı hökmünü, gücünü vətəndaşların sosial -iqtisadi durumunu daha da ağırlaşdırmaqda, insanların sosial müdafiəsinin təmin edilməməsində tam çılpaqlığı ilə göstərdi. Başına gələn başmaqçı olar, deyib dədə -babalarımız. Bu sətirlərin yazarı da covid -19 pandemiyasının yaratdığı məhdudluqdan ziyan çəkib . Ağsu rayonunun Pirhəsənli kəndində dədə – baba ocağında saxladığım beş arı ailəsi baxımsızlıq ucbatından nəinki bal verdi, əksinə, varlığını da saxlaya bilməyib tələf oldu. Ali dövlət hakimiyyəti orqanlarına müraciətlərimiz aidiyyatı üzrə Kənd Təsərrüfatı Nazirliyinə (KTN) göndərilib , oradan axtında müraciət edilsəydi, hərəkət azadlığımızı bərpa edərək arıların məhvinin qarşısını ala biləcəyi vurğulanıb. KTN, Ağsu RİH kənd təsərrüfatı idarəsi subsidiya ayırmağa, necə deyərlər, zəlzələdən – vəlvələdən olmasından asılı olmayaraq tələf olan arılara görə kompensasiya ödəməyə borcludur .
Zəlzələdən söz düşmüşkən , 10 il qabaq baş verən fövqəladə hal – sel nəticəsində çiy kərpicdən olan evə dəyən ziyanın ödənilməsini də Ağsu RİH -in fövqəladə hallar üzrə komissiyası təmin etmədi. Sözügedən komissiya çoxsaylı müraciətlərdən sonra baxış keçirmədən evə ziyan dəymədiyini bildirdi. Təkcə döşəmənin çürüntülərinin “sərgilənməsi” ən azı 3 min manatlıq ziyanın dəydiyini ortaya qoyanda isə Ağsu RİH korrupsiya xarakterli saxtalığa əl atdı. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN ) Milli Hidrometeorologiya Xidməti ilə mütəşəkkil anlaşma sonucunda RİH “daşdan keçən” arayış təqdim etdi ki, son beş ildə Ağsu rayonunda heç bir fövqəladə təbiət hadisəsi baş verməyib! (?) Özbaşınalığı təsəvvür edin, vətəndaşa dəyən ziyanı ödəməməkdən ötrü dövlət qurumları qeydə alınan fövqəladə halı saxta arayışla yalanlayırlar ! (?) Ziyanın ödənilməməsi bir yana, evə dirəklərlə çəkilən telefon xətti də qırıldığından rabitəsiz qalan Qarabağ qazisinin telefon xəttinin və bağlantının bərpası barədə müraciətləri də on ilə yaxındır sonuc verməyib. Kəndin yeganə zabit Qarabağ əlilinin qanunla pulsuz çəkilməli olan, lakin təbii inhisarçı xidmət qurumunun 40 manat qarşılığında zorakı xidməti ilə 2008-ci ildə çəkdirdiyi telefon xəttinin bərpasından imtina edilib. Ali dövlət hakimiyyəti , hüquq-mühafizə orqanlarına edilən şikayətlərə cavab olaraq guya abonentin 39, 17 manat abunə borcunun olmasına görə telefonunun kəsildiyi bildirilərək rabitənin bərpasından imtina edilib. Aylıq 2 manatlıq abunə haqqı ilə 39,17 manat abunə borcunun, borca görə telefon kabelinin dirəkdən qırılıb atılması absurdluğuna da baxılmayıb. Əlacsız qalan istehlakçı Ağsu rayon məhkəməsinə ötən ilin aprelində iddia ərizəsi ilə müraciət edib. Lakin məhkəmə artıq 2-ci ildir heç bir hərəkət etmədiyindən, iddiaçı bu yol məhkəmənin işə baxmamasından ali dövlət hakimiyyəti orqanlarının başçılarına şikayət edib. İki gün öncə “Aztelekom”un baş direktor müavini Zaman Verdiyev 12.08.2021-ci il tarixli məktubla bildirib ki, “dedığım dedığdır”. Başqa sözlə, istehlakçı qazinin 13 manat abunə və 26, 17 manatlıq danışıq borcu yarandığından 10.07.2020-ci ildə 56343 telefon nömrəsi başqa şəxsə satılıb . Özbaşınalığa baxın, cavabdeh telekom məhkəmə ilə qeyri-prosessual münasibətə girərək, işə baxılmasına qadağa qoydurub və iddiaçının tələb etdiyi halalca nömrəsini başqasına satıb! (?) İndi isə “Aztelekom” MMC 9 il qabaq kəsilən telefonun borca görə kəsildiyini əsaslı sayır. Bu boyda telekom anlamaq istəmir ki, aylıq 2 manat hesabı ilə 13 manatlıq abunə borcu yarana bilməz. Biz hələ 26,17 manatlıq danışıq borcunun haradan qaynaqlandığını demirik! Bəyəm, “Aztelekom” bilmir hansı nömrə ilə, hansı ölkə, şəhərlə danışılıb? Ən başlıcası, borca görə, telefon kabelinin, xəttinin qırılıb atılması harada yazılıb? Ağsu məmurlarının Qarabağ qazisinə qarşı özbaşınalığına baxın : 22 il istifadə etdiyi torpağı icra başçısı ələ keçirib, məhv olan mal – mülkünə, evinə dəyən ziyanın ödənilməsi əvəzinə, telefon xidmətindən də məhrum edilib. Vətəndaşa belə “özbaşınalıq xidməti” ilə məmur ordusu yalnız öz başının və öz cibinin qayğısına qala bilər. Özü də dövlət büdcəsinin, dövlət fondlarının yardımı ilə. Yardıma ehtiyacı olanlar isə nə icra hakimiyyətindən yarıyır, nə deputatından , nə də məhkəməsindən.

Məğrur Bədəlsoy

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir