Naxçıvan Muxtar Respublikasında (NMR) Talıbovların hökmranlıq etdiyi 27 il ərzində bütün gəlirli sahələrə, büdcə xərcləmələrinə bir ailə nəzarət edib. Ali Məclisin keçmiş sədri Vasif Talıbovun biznes imperiyasının əsas sütunlarını üç böyük şirkət təşkil edib: “Cahan Holdinq”, “Dizayn” və “Gəmiqaya Holdinq”. Bu şərkətlər təkcə Muxtar Respublikada deyil, Azərbaycanda, Türkiyədə, Gürcüstanda, eləcədə Avropa və Yaxın Şərq ölkələrində genişmiqyaslı biznes fəaliyyəti ilə məşğul olub.
Əlbəttə, Talıbovlar üçün böyük gəlir Azərbaycan büdcəsi hesabına dövlət sifarişləri, investisiya layihələri, nəzarətsiz idxal-ixrac əməliyyatları, təbii sərvətlər üzərində hökmranlıqdan əldə olunub. Məsələn, ötən iki on illikdə Naxçıvanda dövlət büdcəsi hesabına inşaa edilən bütün inzibati binaların, məktəblərin, yaradıcılıq mərkəzlərinin, yeni inşaa edilən yolların, abadlıq-qurucluq layihələrinin hamısı “Dizayn” və “Gəmiqaya Holdinq” tərəfindən həyata keçirilib. Muxtar Respublikada başqa heç bir MMC-nin bu layihələrə əlçatanlığı olmayıb.
Vasif Talıbovun tutduğu postdan istefaya göndərilməsi ilə təbii ki, Naxçıvan iqtisadiyyatını inhisara almış ailə şirkətlərinin monopoliyasına da tədricən son qoyulacaq. Bu istiqamətdə ilkin addımların atıldığı barədə xəbərlər yayılır.
Yayılan informasiyalara görə, “Gəmiqaya Holdinq”in adı dəyişdirilərək “Arkoz Holdinq”ə çevrilib.
Əldə etdiyimiz məlumatlara görə, bu dəyişiklik heç də mediada təqdim olunduğu kimi şirkətin Talıbovların nəzarətindən çıxarılması deyil. Əvvəla, Rza Talıbov bir müddət Holdiqinin prezidenti olsa da sonradan öz səhm payını “dövr edib”…
Solda Emin Uçar
Necə deyərlər, Talıbovlar işlərini ehtiyatlı tutaraq, “Gəmiqaya”nın əsas səhmlərini uzun illər şərikli biznes yürütdükləri Türkiyədən olan iş adamı Emin Uçarın qardaş ölkədə fəaliyyət göstərən “Arkoz” Holdinqinə veriblər. Bu şirkətin Azərbaycanda öz adı ilə də biznes fəaliyyətləri olub və hazırda davam edir.
Naxçıvanda baş verən siyasi dəyişiklikdən sonra “Gəmiqaya” adı ilə başlayan bütün şirkətlərin adları dəyişdirilib və dövlət reyestrindəki məlumatlar yenilənib. Rəsmi sənədlərdə Talıbovun bu şirkətdə hər hansı mülkiyyət hüquqları qeyd olunmayıb.
Ekspertlərə görə, bu dəyişiklik əslində Talıbovların var-dövlətlərini xilas etmək cəhdidir. Onlar “Gəmiqaya Holdinq”ə verdikləri nəhəng imtiyazlardan əsas payı götürsələr də onun xarici vətəndaş olan, inanılmış tərəfdaş Emin Uçarın mülkiyyətində qalmasını təmin etməyə çalışırlar. Hər halda Türkiyədən olan hansısa iş adamının Naxçıvanda Talıbovların himayəçiliyi və əsas pay sahibi olmadan biznes qura bilməsi mümkün deyil.
Məlumatlı mənbələr bildirilər ki, hazırda hər üç şirkətin onilliklər ərzində fəaliyyəti, dövlət hesabına əldə etdikləri layihələri, ölkədə və xaricdə yatırımları, mülkiyyəti araşdırılır. Araşdırmanın nəticəsi olaraq onların haqqında qərar qəbul ediləcək.
“AzPolitika.info”