Qol.az-ın əldə etdiyi xəbərə görə, Ağdam klubu İngiltərə Premyer Liqa təmsilçisi “Bornmut”un qapıçısı Asmir Beqoviçi heyətinə cəlb edib. Bosniya millisinin 32 yaşlı qapıçısı ilə 1 illik icarə müqaviləsi imzalanıb.
Gün ərzində “Qarabağ” klubu rəsmi olaraq transferi açıqlayacaq.
Qeyd edək ki, Beqoviç İngiltərədə müxtəlif vaxtlarda “Çelsi”, “Stok Siti”, “Portsmut”, “Yovil Taun”, “İpsviç Taun”, həmçinin Belçikada “La Luvyer” komandalarında da oynayıb.
Şehiç niyə transfer edilmədi?
Qol.az-ın əldə etdiyi xəbərə görə, “Qarabağ” son ana qədər sabiq futbolçusu, Bosniya millisinin başqa qapıçısı İbrahim Şehiçi almaq istəyib. Məşqçilər heyəti hesab edib ki, Şehiçin komandaya uyğunlaşması çox zaman aparmayacaq. Futbolçu özü də yenidən Azərbaycanda oynamağa razılıq verib. Lakin onun hazırkı klubu “Ərzurumspor” (Türkiyə) yüksək təzminat tələb etdiyindən “Qarabağ” son anda ondan imtina edərək Asmir Beqoviçi almaq qərarı verib.