Sosial

“1xBet” və “Mostbet” “at oynadır”, bu orqanlar isə hələ də susur – FAKT BUDUR!

44 günlük müharibə Azərbaycanın qələbəsi ilə bitdi.

Şanlı üçrəngli bayrağımız tezliklə işğaldan qurtulan bütün bölgələrdə dalğalanacaq və bir daha enməyəcək.

Amma ölkəmizi coğrafi mənada işğaldan qurtarsaq da, hələ də buralarda “at oynadan”, adamlarımızın cibinə girən, onlardan oğurladığı pulu güllə, mərmi şəklində əsgər və zabitlərimizin, mülki vətəndaşlarımızın başına yağdıran “1xBet” və “Mostbet” kimi şirkətlərin əsarətindən çıxa bilmirik.

Bəlkə də çox sərt yanaşma oldu. Bu yazılar silsiləsini oxuyandan sonra mənim kimi düşünəcəyinizə əminəm.

Əslinə ölkədə qeyri-qanuni fəaliyyət göstərən, onlarla saytda reklamı gedən “1xBet” və “Mostbet” ilə mübarizə aparmaq üçün lazımi qanunvericilik bazası var.

“Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 27 avqust tarixli 147 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 2016-cı il oktyabrın 25-də imzaladığı 1086 saylı fərmana diqqət yetirək. Həmin fərmanda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 27 avqust tarixli 147 nömrəli Fərmanına aşağıdakı məzmunda 4-cü və 5-ci hissələr əlavə edilsin:

“4. Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə tapşırılsın ki, Azərbaycan Respublikasında idman mərc oyunlarının operatorunun məlumatı əsasında, Azərbaycan Respublikasında idman mərc oyunlarının operatoru ilə müqavilə bağlamadan fəaliyyət göstərən idman mərc oyunlarının həm yerli, həm də xarici virtual satıcılarının internet portallarının və satıcılarının ölkə ərazisində fəaliyyətinin qarşısının alınması üçün zəruri tədbirlər görsün.

5. Azərbaycan Respublikasının Daxili İşlər və Vergilər nazirliklərinə tapşırılsın ki, akkreditasiya olunmadan idman mərc oyunlarının təşkilinə və ya keçirilməsinə qarşı mübarizədə fəaliyyətin əlaqələndirilməsini təmin etsinlər, həmin oyunları qanunsuz təşkil edən və ya keçirən şəxslərin qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi və belə halların gələcəkdə baş verməməsi üçün tədbirlər görsünlər”.

Beləliklə, açıq-aydın görünür ki, dövlət başçısı qeyri-qanuni çalışan bukmeker kontorları ilə mübarizəni üç nazirliyə həvalə edib. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi qeyri-qanuni bukmeker kontorlarının saytlarını ölkə ərazisində bloklamalı,

Daxili İşlər və Vergilər nazirlikləri Azərbaycan qanunlarına məhəl qoymayanların məsuliyyətə cəlb olunmasına çalışmalıdı. Aradan ötən müddətdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə çevrilib,

Vergilər Nazirliyi isə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti kimi fəaliyyət göstərir.

Təbii ki, bu struktur dəyişikliklərinin məsələnin mahiyyətinə dəxli yoxdu, yəni yuxarıda adı çəkilən iki nazirlik və Dövlət Vergi Xidməti ölkədə yad kontorların başıpozuq fəaliyyətinə görə birbaşa məsuliyyət daşıyır, belələri ilə mübarizə aparmalıdılar.

Bəs aparırlarmı? Bu məqama aydınlıq gətirmək üçün hər üç quruma rəsmi sorğu ilə müraciət etmişik. Vaxt istəyiblər və Prezidentin fərmanı ilə onların üzərinə düşən öhdəlikləri yerinə yetirməklə bağlı gördükləri işləri, bu yöndə planlarını açıqlayacaqlarını bildiriblər.

Düzünə qalsa, şəxsən bizdə dövlət orqanlarının “1xBet” və “Mostbet” kimi bukmeker kontorlarının fəaliyyətini əngəlləməklə bağlı hansısa konkret planlarının olmadığına dair təsəvvür yaranıb.

AZƏRBAYCANREALLIĞI.COM

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir