Azərbaycan – Türkiyə və Azərbaycan – Rusiya münasibətlərinin Qarabağa təsiri necə olacaq?
Azərbaycan – Türkiyə və Azərbaycan – Rusiya münasibətlərinin Qarabağa təsiri necə olacaq? mövzusunda “Zirvə yolu” siyasi şərhçi Züriyə Qarayevanın şərhini təqdim edir:
Rusiya ilə Azərbaycan arasında əlaqələrin hansı səviyyədə olmasının Qarabağ məsələsinə ciddi təsir göstərəcəyini hesab etmirəm. Əvvəla, iki dövlət arasında diplomatik əlaqələrin xarakterinə baxdıqda, görüntüdə iki dövlət bir-biri ilə strateji müttəfiq səviyyəsində əlaqələr qurub. Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında diplomatik əlaqələrin qurulmasından indiyədək dostluq, əməkdaşlıq və təhlükəsizlik haqqında 200-dən çox ikitərəfli sənəd imzalanıb, qarşılıqlı münasibətlər möhkəmlənib. Lakin əlaqələrin səciyyəsi həmişə yalnız görünəndən və ya icra olunandan ibarət olmur. Diplomatik əlaqələr hər nə qədər yüksək səviyyədə olsa da, tərəflər arasında müttəfiqlik haqqında bəyannamə imzalansa da, Rusiyanın bölgə ilə bağlı öz maraqları var və bu maraqlar təəssüf ki, əlaqələrin xarakterinə görə dəyişmir. Elə Moskva ilə Müttəfiqlik haqda sazişin imzalanması da bölgədə kifayət qədər nüfuzu olan Rusiyanın prosesdə loyal mövqeyini əldə etmək məqsədi daşıyırdı. Lakin nəticələr göstərdi ki, hər nə qədər imzalanmış sənədin müvafiq bəndində tərəflərin bir-birinin nəyinki ərazi bütövlüyünü tanıması, hətta müdafiə etməsi müddəası yer alsa da, Rusiya öz maraqları naminə ölkəmizin suverenliyinə təhdid törədəcək addımları rahatlıqla ata bildi. Toponim adlarının məqsədli şəkildə dəyişdirilməsindən tutmuş, sülhməramlı adı daşıyan missiyanın bölgədə sülhdən başqa hər şeyi təşviq etməsinə qədər olan hadisələr göstərdi ki, hansı sənədin imzalanmasından aslı olmayaraq, hansı səviyyədə əlaqələrin mövcud olmasından aslı olmayaraq, şimal qonşumuz imperializm ritorikasını daim yürüdür. Rusiyanın anladığı tək dil güc amilidir. Bugün Türkiyənin bölgədə güclənən rolu, proseslərə yönverən dövlət statusu qazanması Rusiyanı qardaş ölkəylə uzlaşmağa vadar etdiyi kimi, hesab edirəm ki, Türkiyə ilə Azərbaycanın müttəfiqliyinin güclənməsi və ölkəmizin bölgədə açar fiqura çevrilməsi Qarabağ məsələsində qalan problemlərin həllini tapmasına rəvac verəcək.