“Azərbaycan Dəmir Yolları” QSC yol-nəqliyyat hadisəsi ilə bağlı açıqlama verib.
QSC-dən verilən məlumata görə, açıqlamada deyilir:
“Bu gün saat 08 radələrində Osmanlı-Blok Post-51 mənzilinin 52-ci kilometrində yerləşən dəmir yolu keçidində yol-nəqliyyat hadisəsi baş verib. İmişli stansiyasından Şirvan stansiyasına gedən yük qatarı dəmir yolu keçidində hərəkətdə ikən lokomotivin xəbərdaredici siqnalına məhəl qoymayaraq, keçidi keçməyə cəhd göstərən İran vətəndaşı Seyid Rəşidin idarə etdiyi “HOWO” yük maşını ilə toqquşub. Hadisə nəticəsində yük maşını dəmir yolunun üstünə aşaraq yolu bağlayıb və nəticədə dəmir yolunda qatarların hərəkətində fasilə yaranıb”.
QSC-dən bildiriblər ki, hazırda dəmir yolunda qatarların hərəkətinin bərpası istiqamətində təxirəsalınmaz tədbirlər görülür. Hadisə zamanı xəsarət alan olmayıb, qəzanın baş verməsinə səbəb avtomobilin sürücüsü tərəfindən Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında Qanunu”nun 44-cü maddəsinin tələblərinin pozulması olub.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarının və “Azərbaycan Dəmir Yolları” QSC-nin əməkdaşları tərəfindən araşdırma aparılır.