“Nə Azərbaycan, nə də Ermənistan ictimaiyyəti vasitəçi dövlətlərin – Minsk qrupunun həmsədrlərinin Qarabağ problemini həll edəcəyinə inanır”.
Bunu Modern.az-a Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar mövcud durumu şərh edərkən, sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov söyləyib. O qeyd edib ki, hər iki ictimaiyyətin inamsızlığı faktı həmsədrləri passiv mövqedə olmağa vadar edir:
“Minsk qrupu sadəcə olaraq, passiv siyasətini təsdiq etmək üçün heç bir şeyi həll etməyən görüşlər təşkil edir. Bu görüşlərin həqiqətən baş verməsi belə şübhə altındadır.
Digər tərəfdən, münaqişədə güc amili həmişə mövcud olub. Gücün istifadəsi nəticəsində ermənilər torpaqlarımızı işğal edib, indiyə qədər əldə saxlayırlar. Amma bu illər ərzində güclər balansında ciddi dəyişiklər baş verib. Azərbaycan ordusu, onun iqtisadiyyatı, imkanları inkişaf edib. Ermənistan isə demoqrafiq, iqtisadi , müdafiə və digər imkanlar baxımından geridə qalır. Amma bir məsələni də həmişə yadda saxlamalıyıq ki, xarici faktor amili burada həlledicidir. Yəni ermənilərin indiki işğalı saxlaya bilmələri Rusiyanın Ermənistana təhlükəsizlik qarantiyasından asılıdır. Ermənilər buna arxalanıb, işğalçı siyasətini davam edirlər”.
T.Zülfüqarov hesab edir ki, Rusiya faktoru dəyişmək üzrədir:
“Ermənsitan –Rusiya əlaqələri problemlər içərisindədir. Görünür ki, Rusiya indiki Nikol Paşinyan administrasiyasını heç də qəbul etmir. Bunun nəticəsi olaraq, Rusiyanın təhlükəsizlik qarantiyalarının saxlanması da şübhə altındadır. İndiki vəziyyətdə elə məqam yarana bilər ki, Rusiya təhlükəsizlik qarantiyasını Ermənistan üzərindən götürər. Bu zaman ortaya yalnız güc balansı çıxacaq. Ermənistan-Azərbaycan arasında proseslər bizim xeyrimizə dəyişə bilər. Tezis şəklində təhlil bundan ibarətdir. Amma proseslərin dəyişməsinə rəvac verəcək amillər ortaya çıxa bilər”.