Cəmiyyət Manşet

Erkən nikahların gələcək nəsilə çox böyük fəsadları var

Ölkəmizdə erkən nikah və onun doğurduğu çox böyük fəsadlar hər zaman diqqətçəkən mövzulardan biri olub, lakin çox təəssüflər olsun ki, son zamanlar bu mövzuda xəbərlərə daha tez-tez rast gəlirik, xüsusilə də rayonlarda belə hallara yol verilir.

Məlumdur ki, erkən nikah 18 yaşdan aşağı şəxslərin nikaha daxil olmalarıdır. Qanunvericiliyə əsasən isə 18 yaşına çatmış şəxslər evlənmək və ailə qurmaq hüququna malikdirlər. Lakin hazırki vaxta diqqət yetirsək görərik ki, uşaqlar 18 yaşına çatmamış erkən nikaha daxil olurlar. Araşdırılma aparıldığı zaman isə bu cür 18 yaşına çatmamış nikaha daxil olma hallarını ayrı-ayrı səbəblərlə əlaqələndirirlər; ya qızların öz istəkləri ilə, ya ailədə maddi vəziyyətin çətin olması ilə və bunlardan ən pis olanı isə valideynlərin təzyiqi ilə erkən nikaha daxil olmaqdır. Çünki zaman-zaman bu fəsadlar çox böyük qarşısıalınmaz faciələrə səbəb olur.

İndi isə bu erkən nikaha daxil olmaq üçün qeyd edilən səbəblərin daha doğrusu bəhanələrin üzərində dayandığımız zaman görürük ki, bu gətirilən bəhanələr sözün əsl mənasında boş və əsassızdır. Ona görə ki, bir qızın öz istəyi ilə 18 yaşına çatmamış nikaha daxil olmaq istəyi onun elm, təhsil əvəzinə eşq məhəbbətlə məşğul olmasından irəli gəlir. Bu yaşlarda xüsusilə də qız uşaqlarının təhsillə maraqlanması vacibdir, yalnız belə olduğu təqdirdə qızların erkən nikaha öz istəkləri ilə daxil olmasının qarşısını almaq olar. Digər məsələ ailədə maddi vəziyyətin çətin olması, bu səbəb özü birbaşa bəzi dayaz düşüncəli, kəmsavad valideynlərin övladlarına erkən nikaha daxil olmaqları üçün təzyiq göstərmələrinə əsas yaradır. Yenə də bu səhv anlayışdır ona görə ki, nə qədər ailədə maddi vəziyyət çətin olsa da valideynlər övladlarını təhsil almaq üçün oxumağa ya da hər hansısa bir sənətə peşəyə yönəltməlidirlər ki, gələcəkdə əziyyət çəkməsinlər, yoxsa imkan yoxdur deyib övladlarını, qızlarını atası, babası yaşında onunla heç bir cəhətdən uyğun gəlməyən bir şəxslə erkən nikaha daxil olmağa məcbur etməsinlər. Hər gün bir xəbərdə görürük ki, 17 yaşında gənc qızdır özündən 30 yaş, hətta daha artıq böyük yaşlı kişi ilə nikaha daxil olur. Baxırsan heç bəlkə də o qız bilmir ki, bu ata-babası yaşında kişi ilə sonu nə olacaq, necə olacaq, ümumiyyətlə gələcəkləri varmı yoxmu özləri də bilmirlər. Daha dərin düşünsək, məsələn bunların övladları dünyaya gəldi bu ata olan yaşlı kişi övladını neçə yaşına qədər böyüdə biləcək, nə vaxta kimi ona atalıq edəcək?. Axı ailədə övlad üçün ana nə qədər vacibdirsə, ata da bir o qədər gərəklidir. Ona görə ki, bu iki şəxsin ata və ananın hər ikisi birlikdə övladı dünyaya gətirirlər və həmin uşağın böyüdülməsində hər ikisinin də rolu vacib və böyükdür. Lakin çox əfsuslar olsun ki, bəzi valideynlər bu həyatda ən mühüm olan valideynlik borcunun mahiyyətini dərk etmirlər, qız övladlarını məktəbdən, təhsildən uzaqlaşdıraraq erkən nikaha cəlb edirlər. Belə qızlar həm təhsildən uzaqlaşdırılmaqla, həm də ərə verilməklə öz hüquqlarından da məhrum edilirlər.

Və yaxud da hər iki nəfər oğlan və qız 18 yaşına çatmamış erkən nikaha daxil olurlar. Hansı ki, onların bu yaşı təhsil almaq və ya bir sənətə, peşəyə yiyələnmək üçün daha uyğundur. Bu şəxslər həyatın qoynuna yeni atılmışkən, özlərini hələ tam dərk etmədən nikaha özü də erkən nikaha daxil olmaq nəyə lazımdır axı?. Onlar bilmirlər ki, bunun fəsadları illər sonra özünü büruzə verəcək. Çünki onlar nikah yaşlarına çatmadan ailə qururlar daha sonra ailələrində müəyyən səbəblərdən problemlər yaranır və nəticədə ailə dağılır, iş boşanmaya gəlib çatır, lakin bu proses zamanı onlar tam hüquqlarını bilmədikləri üçün çox böyük çətinliklər çəkirlər öz hüquqlarını müdafiə etməkdə. Buna görə də bu prosesdə iştirak edən valideynlər həmçinin əlaqədar şəxslər də özlərində məsuliyyət hiss etməli və hüququn aliliyindən kənarda qalmamalıdırlar.

Erkən nikahların fəsadları mövzusunda araşdırma apardıq və bu mövzuda psixoloqdan da fikirlərini soruşduq. İndi isə həmin fikirləri təqdim edirik;

“Erkən nikahların fəsadları: fiziki və psixoloji baxımdan hazır olmadan çox erkən hamiləlik baş verir, doğuş və ölüm riski yaranır, ana və uşaq ölmlərinin sayı artır; yeniyetmələrdə reproduktiv sağlamlıqla bağlı problemlər yaşanır.

Gələcək nəsillərin sağlamlıq vəziyyəti yeniyetmə qızların-gələcək anaların sağlamlıq vəziyyətlərindən birbaşa asılıdır. Ekspertlər yeniyetmənin orqanizminin inkişafda olan orqanizm olduğunu və bu dövrdə bir çox xroniki xəstəliklərin kəskinləşdiyini xüsusi qeyd edirlər. Bundan başqa təhsilin effektiv şəkildə başa çatdırılmasına mane olur, erkən nikahda olan qızlar cəmiyyətdən təcrid olunur; Əksər hallarda yeniyetmə ana məktəbdən uzaqlaşır və cəmiyyət üçün yalnız evdar qadın kimi fayda vermiş olur. Peşə və həyat bacarıqlarının əldə edilməsi üçün hər hansı bir imkandan məhrum edilir. İntihar hadisələrinin sayı artır. Erkən nikahın qurbanı olan gənc ana bir müddətdən sonra öz həyatından şikayətlənməyə başlayır, ailənin yükünü zərif çiyinlərində daşımağa gücü çatmır və sonda çıxış yolunu intihar etməkdə tapır. Boşanma hallarının sayı artır. Erkən nikahda olan qızlar daha çox fiziki və cinsi zorakılığa məruz qalır. HİV infeksiyası ilə cinsi istismar riski artır və s.”

Psixoloqun da sözlərinə diqqət yetirdiyimiz zaman görürük ki, erkən nikahların fəsadları çox böyükdür. Bu kimi hallarda ən çox əziyyəti qızlar çəkir. Belə halların qarşısının alınmasında əsas iş, məsuliyyət düşür valideynlərin üzərinə, çünki onlar dünyaya gətirdiyi övladlarını elə böyütməlidirlər ki, övladları yaşam dövrünün hər anını layiqincə, heç bir problem olmadan yaşasın.

Erkən nikah erkən gəncliyin sonudur. Bu məsələ ilə əlaqədar görülmüş tədbirlərə baxmayaraq ölkəmizdə, xüsusən də rayonlarda qızların təhsildən yayındırılaraq erkən yaşda ərə verilməsi hələ də problem olaraq qalmaqdadır.

Birmənalı olaraq yetkinlik yaşına çatmayan qızların məcburən nikaha daxilolma halı uşağa qarşı törədilən zorakılıqdır.

Çünki erkən evlilik uşaqların: Həyat və sağlamlığını təhlükəyə atır. Təhsildən yayınmasına şərait yaradır. Hüquqlarını pozur. Ailədaxili zorakılığa zəmin yaradır. Xoşbəxt həyat və gözəl gələcək vəd etmir.

Belə desək erkən nikah sağlamlığı təhlükə altında qoyan, təhsilə və inkişafa əngəl olan, şiddət və zorakılıq riskini artıran insan hüquqları pozuntusudur. Sağlam, qaydasında yaşamaq hər bir şəxsin haqqıdır. Uşaqlar da öz uşaqlıq və yetkinlik çağlarını yaşamaq istəyirlər. Valideynlər, onların-övladlarınızın uşaqlıq çağlarını əllərindən almayın.

Doğrudur ailə qurmaq gözəldir və hər bir subay gəncin arzusudur, lakin hər şeyin öz zamanı var. Necə deyərlər hər şey öz zamanında gözəldir. Yeniyetməlik dövründə uşaq təhsillə məşğul olmalıdır və ya hər hansısa bir sənətə yiyələnməlidir. Artıq lazımi bir vaxt gəlib çatanda, insan özünü evliliyə hərtərəfli hazır hiss edəndə ailə qurmalıdır heç bir təzyiq və məcburiyyət altında olmadan. Ona görə ki, insan özü ağıllı başla qərar verib başladığı işlərdə müvəffəq olur, eləcə də ailə qurmaq məsələsində.

Cavadzadə Seyid Sürayə

 

 

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir