İqtisadiyyat

Gəncəni su ilə təmin etmək üçün Göygöldə yeni drenaj sistemi yaradılıb

Gəncə şəhərini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək üçün Göygöl su mənbəyində məhsuldarlığı saniyədə 200 litr olan yeni drenaj sistemi yaradılıb.

“Zirvə yolu” “Azərsu” ASC-yə istinadən xəbər verir ki, bunu qurumun departament rəisinin müavini Ceyhun Məmmədov bildirib.

Onun sözlərinə görə, Gəncədə həcmi 4000 kubmetr olan su anbarı tikilib və mənbədən anbara qədər 24,3 km uzunluğunda magistral su kəməri çəkilib.

Eyni zamanda Qızılqaya su mənbəyində bərpa-yenidənqurma işləri aparılıb, ümumi tutumu 12 min kubmetr olan 3 su anbarı, 11 km magistral su xətləri inşa edilib.

Şəhərin içməli su tələbatının böyük hissəsi Şəmkirçay su anbarı hesabına təmin olunur. Su anbarının yaxınlığında məhsuldarlığı sutkada 140 min kubmetr olan sutəmizləyici qurğu və buradan Gəncə şəhərinə 27,5 km Şəmkirçay-Gəncə magistral su kəməri inşa edilib.

Layihəyə əsasən Gəncədə 855 km içməli, 813 km tullantı su şəbəkəsinin yaradılması nəzərdə tutulur. İçməli və tullantı su şəbəkələrinin yenidən qurulması işləri mərhələli şəkildə həyata keçirilir. İndiyə qədər içməli su şəbəkəsinin 375 km-lik, tullantı su şəbəkəsini isə 330 km-lik hissəsi inşa edilib.Təsdiqlənmiş layihəyə uyğun olaraq 2023-cü ildə 16 km içməli, 19 km tullantı su xətləri və kollektorların inşası nəzərdə tutulur.

Layihəyə əsasən şəhərdə yaranacaq tullantı sularının təmizlənib zərərsizləşdirilməsi üçün gələcəkdə Samux rayonu ərazisində məhsuldarlığı sutkada 110 min kubmetr olacaq təmizləyici qurğunun inşası da nəzərdə tutulur.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir