“TUA TT” MMC-nin rəhbəri: “Sahil Babayev və müavini Vüsal Nəsirlin sifarişi ilə üç ildən çoxdur dəmir barmaqlıqlar arxasındayam”
Qarabağ döyüşlərində əlil olmuş şəxslərə evlərin tikintisi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2016-cı ildə keçirdiyi tenderin qalibi olmuş “TUA TT” MMC-nin faktiki rəhbəri Tural Alışanlının cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakimi Siyavuş Hacıyevin sədrlik etdiyi prosesdə çıxış edən Tural Alışanlının sözlərinə görə, köçürülən pullarla uyğun olaraq evlər və tikilib təhvil verilib: “Uzun müddətdir o evlərdə adamlar yaşayır. Nazirliyin müqavilə üzrə mənə borcu vardı. Nazir müavini Vüsal Nəsirli ilə görüşdüm. Mənə nazirin mesajını çatdırdı ki, 154 minin əvəzinə 20 min götür, yoxsa heç onu da almayacaqsan. Razılaşmadım, bunlarla dirəşdim. Müxtəlif orqanlara şikayət elədim. Bu məsələni mediaya çıxardım, radioda səsləndirdim. Ondan sonra Sahil Babayev məndən Baş Prokurorluğa məktub göndərdi, məni həbs elətdirdi”.
Təqsirləndirilən şəxs qeyd edib ki, nazir Sahil Babayev və müavini Vüsal Nəsirlinin sifarişi ilə üç ildən çoxdur dəmir barmaqlıqlar arxasındadır. Onun sözlərinə görə, bu gün də nazirliyin ona borcu var.
Nazirliyin nümayəndəsi isə onun iddialarının əsassız olduğunu deyib. O, məhkəmədə 515 min manatlıq mülki iddia qaldırıb. Bildirib ki, mülki iddianın təmin olunmasını istəyirlər.
Məhkəmədə həmçinin prokuror ittiham nitqi ilə çıxış edib. O, Tural Alışanlının 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Daha sonra vəkil müdafiə çıxışı üçün məhkəmədən vaxt istəyib.
Növbəti proses fevralın 1-də davam edəcək.
Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə “Tua-TT” MMC arasında 19 iyul 2016-cı ildə bağlanmış müqaviləyə əsasən 480 min manat məbləğində tikinti işlərinin podratçı tərəfindən yerinə yetirilməməsi barədə nazirlikdən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Müəyyən edilib ki, Tural Alışanlı qardaşı Ülvi Alışanlının adından 24 avqust 2012-cidə “Tua-TT” MMC yaradıb, öz qulluq mövqeyindən istifadə edərək ona etibar olunmuş və öhdəsində olan özgə əmlakını – dövlət vəsaitini vahid qəsdlə talama məqsədi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Masallı rayonunda 2 ədəd 3 otaqlı, Lənkəran rayonunda 4 ədəd 3 otaqlı, Astara rayonunda 2 ədəd 3 otaqlı, Lerik rayonunda 4 ədəd 3 otaqlı və Yardımlı rayonunda 1 ədəd 3 otaqlı olmaqla, ümumilikdə 13 ədəd 3 otaqlı fərdi yaşayış evinin tikinti işlərinin satınalması ilə bağlı keçirilən tenderdə həmin MMC-nin adından iştirak edib, nəzərdə tutulan işləri əlavə dəyər vergisi (ƏDV) daxil olmaqla 893 min manat pul vəsaiti hesabına yerinə yetirməklə bağlı təklif verdikdən sonra tender komissiyasının 24 iyun 2016-cı il tarixli protokoluna əsasən qalib elan edilib.
Həmçinin, Tural Alışanlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə “Tua-TT” MMC arasında bağlanmış 19 iyul 2016-cu il tarixli satınalma müqaviləsi üzrə 16 ay müddətinə həmin işlərin yerinə yetirilməsi məqsədilə dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondunun vəsaiti hesabına ayrılaraq nazirlik vasitəsi ilə həmin cəmiyyətin hesabına köçürülən ümumilikdə 756 min manat (ƏDV ilə birlikdə 893 min manat) məbləğində pul vəsaitinin bir hissəsini müxtəlif rayonlarda fərdi yaşayış evlərinin tam və ya qismən tikilməsinə istifadə edib, qalan 190 min manat pul vəsaitini ayrı-ayrı şəxslərin bank hesablarına köçürüb şəxsi ehtiyaclarına xərcləməklə öz qulluq mövqeyindən istifadə edərək vahid qəsdlə nazirliyə külli miqdarda ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.
Tural Alışanlının barəsində Cinayət Məcəlləsinin 179.3.2 (Mənimsəmə və ya israf etmə külli miqdarda törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilib.
Amia.az