“Azərbaycanın İrandakı səfirliyinə edilən xain hücumu şiddətlə qınayırıq”.
“Zirvə yolu” xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini Numan Kurtulmuş tviterdə yazıb.
O, silahlı hücumda səfirliyin mühafizə xidmətinin rəisinin şəhid olmasına görə Azərbaycan xalqına başsağlığı verib: “Tək millət, iki dövlət prinsipi ilə hər zaman Can Azərbaycanın yanındayıq”.
Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çəlik də Azərbaycan xalqına başsağlığı verib: “Qardaş Azərbaycanın Tehrandakı səfirliyinə təşkil olunan hücumu lənətləyirik. Allah şəhid olan qardaşlarımıza rəhmət eləsin. Yaralılara şəfa arzulayıram”.
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir. Hazırda bu xain hücum üzrə araşdırma gedir.
Məlumata görə, Azərbaycan səfirliyinə hücum edən şəxs saxlanılıb.