Cəmiyyət

İnam Kərimovun YARMARKA KAMİFULYAJLI MARKETLƏRİ… – BUNUN BAŞQA ADI YOXDUR…

Paytaxtda təşkil olunan ənənəvi kənd təsərrüfatı məhsullarının satış yarmarkalarından narazılıq edənlər sırasına millət vəkilləri də qatılıb. Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında deputat Emin Hacıyev yarmarkaların təyinatına uyğun fəaliyyət göstərmədiyini, qiymətləri kəndlilərin deyil, vasitəçilərin təyin etdiyini söyləyib: “Kənd Təsərrüfatı Nazirliyinin təşkil etdiyi yarmarkalarda kəndlilərin iştirakından söhbət gedə bilməz. Özüm dəfələrlə bu yarmarkalarda olmuşam. Ortalıqda vasitəçilər var, onlar da yarmarkaları idarə edərək qiymətlərə təsir edirlər”.

Millət vəkili “bununla bağlı nazirlik hər hansı iş görməyi planlaşdırırmı?”, – deyə sual da ünvanlayıb. KTN-in Torpaqlardan istifadəyə nəzarət şöbəsinin müdiri Firudin Tağıyev isə bildirib ki, yarmarkalara nazirlik tərəfindən nəzarət edilir: “Nəzarət qrupu yarmarkada qiymətlərin tənzimlənməsinə nəzarət edir. Ona görə də yarmarkada qiymətlər bazar qiymətlərindən yuxarı ola bilməz”.

Yarmarkalarda kəndlilərin şəxsən iştirakı və qiymət siyasəti daim müzakirə mövzusudur. Alıcılar da narazıdır, kəndlilər də. Sirr deyil ki, kəndlinin məhsulunu şəhərə girişdəcə alverçilər əlindən dəyər-dəyməzinə alıb gəldiyi yerə yola salır. Sonrasa başlanır bazara – yarmarkaya giriş mərhələsi. Deyilənə görə, burada da müəyyən məbləğ müqabilində piştaxta icarəyə götürülür, məhsul satışına başlanılır. Yarmarkalardakı qiymətlərin şəhərdəki pərakəndə satış bazarlarıyla aşağı-yuxarı eyni olmasının səbəbi də budur. Piştaxtaya, məhsul satışı üçün ayrılan yerə görə ödəniş edən bu məbləği məhsulun üzərinə əlavə edir, nəticədə qiymət alıcıları qane etməyəcək səviyyəyə çatır. Sosial şəbəkədə də bu haqda yazanlar yarmarkalarda alverçilərin əsas rolda olduğunu bildirir. Halbuki kəndli yetişdirdiyi məhsulu özü bazara çıxarsa, həm özü qazanc əldə edəcək, həm də qiymət aşağı olacaq. Amma belə olmur. Kəndli əziyyət çəkib əkib-becərir, ortada isə işbazlar qazanır.

İqtisadçı Fuad İbrahimov “Şərq“ə açıqlamasında qeyd etdi ki, fermerin – kəndlinin bu yarmarkalara məhsul gətirib satışa çıxardığına əmin deyil:

– Kənd təsərrüfatı məhsullarının satış yarmarkasında kəndlilər iştirak etmir, şəhərli satıcılar, alverçilər işləyir. Həmin yarmarkalarda paytaxtda ticarətlə məşğul olanları, bazarlarda alver edənləri görürük. Çox nadir hallarda orda kənddən gəlmiş fermer görə bilərsiz.

Birincisi, fermerin yarmarkada satışla məşğul olması üçün gecələməyə yeri olmalıdır. Fermer gündüz qazandığı pulu gecələmək üçün kirayələdiyi otağa verəcəksə, daha niyə şəhərə gəlir?! Yarmarkanın əsas funksiyası kəndlinin öz məhsulu ilə orada təmsil olunması, becərdiyi məhsulu özünün satmasıdır. Hamımız da bilirik ki, qiymət o zaman bahalaşır ki, məhsul ikinci, üçüncü “əldən” keçir. Yəni yarmarkanı, yarmarka vacibdir deyə, təşkil edirlər, amma əsl mahiyyət qalır kənarda, bazardan bir fərqi olmur.

Bəzən yarmarkanı bazarla yanaşı təşkil edirlər. Yaxınlıqdakı bazardan çadırlar, piştaxtalar götürüb quraşdırırlar. Bazardakı satıcıları da müəyyən müddətə yarmarkaya cəlb edirlər. Bu, aldadıcı üsuldur. Ona görə də qiymətlər ucuz olmur, əhali də narazı qalır. Ənənəvi bazarla, market qiymətləri ilə yarmarka qiymətləri arasında gözəçarpan fərq yoxdur.

Əsl yarmarka təşkil etmək istəyirlərsə, bunun sadə yolu var, o da kəndlinini kənddən şəhərə gəlişini təmin etmək, becərdiyi məhsulun sərbəst satışına şərait yaratmaqdır. Amma monopoliya buna imkan vermir.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir