“Azərbaycanın İrandakı səfirliyinə edilən hücumu qətiyyətlə pisləyirəm”.
“Zirvə yolu” xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva tviterdə yazıb.
“Mülki şəxslərə və mülki obyektlərə, o cümlədən diplomatik missiyalara qarşı hücumlar beynəlxalq humanitar hüquqa əsasən qəti şəkildə qadağandır. Mərhumun ailəsinə başsağlığı verir və yaralananlara şəfa diləyirəm”, – o vurğulayıb.
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir. Hazırda bu xain hücum üzrə araşdırma gedir.
Məlumata görə, Azərbaycan səfirliyinə hücum edən şəxs saxlanılıb.