ABŞ Dövlət Departamentinin İrana məxsus tanker ələ keçirmək üçün kapitana rüşvət təklif etdiyi ortaya çıxıb.
Zirveyolu.info NTV-yə istinadən xəbər verir ki, bu barədə “Financial Times” etibarlı mənbələrə istinadən məlumat yayıb.
İddialara görə, ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayan Huk Panama bayrağı altında üzən, İrana məxsus olan “Grace 1” adlı neft tankerinin hindistanlı kapitanı Akileş Kumara elektron məktub göndərib və tankeri ABŞ-ın müdaxilə edə biləcəyi ölkə istiqamətində hərəkət etdirməsini istəyib. Bunun qarşılığında isə Kumara böyük miqdarda rüşvət də təklif edilib:
“Bu pulla istədiyiniz kimi həyat yaşa bilərsiniz. Bu rahat yolu seçməsəniz, həyat sizin üçün çox çətin olar”.
Kapitan isə bu təhdidə baxmayaraq təklifi qəbul etməyib.
Gəmi 4 iyulda Suriya istiqamətində hərəkətdə olarkən isə Cəbəllütariq tərəfindən saxlanılıb. Bütün danışıqlara və təzyiqlərə baxmayaraq gəmi 5 həftə saxlanılıb. 15 avqustda sərbəst buraxıldıqdan sonra isə gəmiyə İran bayrağı asılıb və adı “Adriyan Darya 1” olaraq dəyişdirilib.
Məlumata görə, tankerdə 2,1 milyon barrel neft var. ABŞ həmin gəmiyini və kapitanı sanksiya siyahısına daxil etdiyinə görə, gəmini heç bir ölkə qəbul etmək istəmir. İki gün öncə İran tərəfi tanker Suriya sahillərində olarkən Avtomatik Tanıma Sistemini bağlayıb. Hazırda tankerin hansı istiqamətə üzdüyü bilinmir.(baku ws)