Nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanla bağlı ardıcıl nikbin proqnozlarını açıqlayıblar
Nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanla bağlı ardıcıl nikbin proqnozlarını açıqlayıblar
Nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanla bağlı ardıcıl nikbin proqnozlarını açıqlayıblar
Qlobal çağırışlara, o cümlədən pandemiya ilə mübarizəyə adekvat reaksiya göstərə bilən və çevik preventiv tədbirlər gerçəkləşdirən dünya ölkələrində iqtisadiyyat dayanıqlılıq və davamlı artım nümayiş etdirir.
“Zirvə yolu” xəbər verir ki, aparılan təhlillər, nəticələr və nüfuzlu beynəlxalq təşkilatların hesabat və proqnozları göstərir ki, Azərbaycan, iqtisadiyyatı davamlı inkişaf edən və artan ölkələrdəndir. Təsadüfi deyildir ki, beynəlxalq təşkilatların ölkəmizin iqtisadiyyatı barədə artım proqnozları qənaətbəxş və yüksək rəqəmlərlə ifadə edilir.
Məsələn, son bu cür proqnoz BMT tərəfindən verilib. BMT-nin proqnozlarına görə, 2023-cü ildə Azərbaycanın ÜDM artımı 3 % səviyyəsində olacaq. Eyni temp 2024-cü ildə də davam edəcək. Düzdür, dünyada artım templərindəki ümumi azalma tendensiyası ölkəmizə də təsir edəcək. Digər tərəfdən, Azərbaycanda orta illik inflyasiyanın azalacağı, 2023-cü ildə 8,1 %, 2024-cü ildə isə 5,3 % olacağı proqnozlaşdırılır.
Göründüyü kimi, iqtisadi artım fonunda inflyasiya da nəzərəçarpacaq dərəcədə aşağı düşəcək. Bu isə, iqtisadi səmərəlilik üçün vacib amildir.
BMT bu il üçün (Gürcüstan daxil və Ukrayna istisna olmaqla) MDB ölkələrinin iqtisadiyyatının 1 % azalacağını proqnozlaşdırır ki, bu da ÜDM-in 1,6 % artdığı əvvəlki illə müqayisədə azdır. MDB ölkələrinin iqtisadiyyatının azalmasının əsas səbəblərindən biri Ukraynadakı müharibədir. Bununla belə, bəzi postsovet ölkələri, xüsusilə, Azərbaycan, BMT-nin qeyd etdiyi kimi, “biznesin və kapitalın yerdəyişməsi səbəbindən” mövcud vəziyyətdən faydalana bilir.
Davamlı iqtisadi artım, siyasi-iqtisadi sabitlik, əlverişli işgüzar mühit heç şübhəsiz ki, Azərbaycan iqtisadiyyatına investor marağını da artırır və investisiya reytinqinə müsbət təsir edir.
“Fitch Solutions” beynəlxalq reytinq agentliyinin proqnozları da bu baxımdan qeyd olunmalıdır.
Məlumat verildiyi kimi, “Fitch Ratings” beynəlxalq reytinq agentliyinin struktur bölməsi olan “Fitch Solutions”un proqnozuna görə, 2023-cü ildə Azərbaycan iqtisadiyyatının artım tempi 2011-2021-ci illər arasında qeydə alınmış orta hesabla 1,3 %-lik göstəricini keçəcək. Bu, şübhəsiz ki, ilk növbədə, ölkənin iqtisadi inkişaf strategiyasının uğurla həyata keçirilməsi nəticəsində mümkün olmuşdur. Belə ki, ölkəmizdə aparılan islahatlar, qeyri-neft sektorunun, özəl bölmənin inkişafı tədbirləri, uğurlu sosial-iqtisadi nailiyyətlər, işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin potensialından yararlanmaq ölkənin ümumi iqtisadi inkişafına, iqtisadi suverenliyinin daha da möhkəmləndirilməsinə əsaslı zəmin yaradıb. Bununla yanaşı, Azərbaycanın etibarlı tərəfdaş kimi beynəlxalq aləmdə nüfuzu da durmadan artır. O da qeyd edilməlidir ki, ölkədəki siyasi sabitlik və iqtisadi inkişaf xarici dövlətlərin, investorların Azərbaycan iqtisadiyyatına uzunmüddətli sərmayə qoymağa marağını daha da gücləndirib. Bunun nəticəsidir ki, Azərbaycan dövlətinin müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsi olan xarici investisiyaların ölkə iqtisadiyyatına cəlb edilməsi istiqamətində ciddi uğurlara nail olunur.
Bundan başqa, Azərbaycanın strateji mövqeyi dünyada baş verən geosiyasi proseslər və konfliktlər fonunda daha da möhkəmlənib. Bununla bağlı olaraq, “Fitch Solutions” Azərbaycan üçün investisiya artımı proqnozunu 2022-ci ildə 0,9 faiz bəndindən (2011-21-ci illərdə orta hesabla 0,8 faiz bəndi) 2023-cü ildə 1,3 faiz bəndinə yüksəldib. “Fitch Solutions” hesab edir ki, Ukrayna müharibəsi ilə bağlı Avropa İttifaqının sərt sanksiyaları fonunda Rusiya ticarətini Avropadan Şərqə yönləndirib və Azərbaycanın qeyri-neft-qaz sektoru bundan faydalanıb. Belə ki, 2022-ci ilin noyabrına (illik ifadədə) Azərbaycan və Rusiya arasında ticarət 23 % artıb. Başqa sözlə, Azərbaycanın ümumi xarici ticarətində Rusiyanın payı 2021-ci ildəki 8 %-dən 2022-ci ildə 12 %-ə yüksəlib. 2023-cü ildə Rusiyadan Azərbaycana kapital axınının güclü olacağı, qeyri-neft və qaz sektoruna investisiyaların artmaqda davam edəcəyi proqnozlaşdırılır.
Qeyd edək ki, ümumilikdə, Azərbaycanda investisiya sayəsində əsas prioritetlərdən biri qeyri-enerji sektoruna sərmayələrin yatırılmasıdır. Təsadüfi deyildir ki, Prezident İlham Əliyev Davos Forumunda infrastruktura, xüsusilə nəqliyyat infrastrukturuna, bərpaolunan enerji mənbələrinə yönəlmiş investisiyaların prioritetliyini vurğulayıb. Azərbaycan bu yöndə investisiya artımına nail olmaq üçün məqsədyönlü tədbirlər həyata keçirir.
“Fitch Solutions”un hesabatında ölkəmizlə bağlı əsas məsələlərdən biri inflyasiya ilə bağlıdır. Bəllidir ki, inflyasiya bu gün bütün dünyada əsas narahatedici faktorlardan birinə çevrilib. Məsələn, inflyasiya inkişaf etmiş Qərb ölkələrində belə, 10 %-i üstələyir. Təbii ki, Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatının bir parçası olduğu üçün dünyada baş verən kəskin qiymət artımı ölkəmizdə də müşahidə olunur. Odur ki, Azərbaycandakı inflyasiya idxal edilmiş inflyasiya hesab olunur və ötən ilin nəticələrinə görə 13,9 % təşkil edib. “Fitch Solutions”un proqnozuna görə, Azərbaycanda istehlak qiymətləri inflyasiyası 2022-ci ildə illik orta hesabla 13 % olduğu halda, 2023-cü ildə illik müqayisədə 9,5 %-ə qədər azalacaq. Buna isə ilk növbədə, nəticəyönümlü antiinflyasiya tədbirləri, habelə, biznes mühitinin daha da yaxşılaşdırılması, sağlam rəqabətin təşviqi, inhisarçılığa qarşı mübarizə və s. vasitələrlə nail olunacağı gözlənilir.