Macarıstanın xarici işlər naziri Peter Siyartonun Azərbaycana rəsmi səfəri başlayıb.
“Zirvə yolu” xəbər verir ki, bu barədə nazir özünün feysbuk hesabında yazıb.
“Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında iştirak etmək üçün Bakıdayam. Cənub Qaz Dəhlizi Məşvərət Şurası ilə yanaşı Xəzər dənizi vasitəsilə elektrik xəttinin çəkilməsi ilə maraqlanan nazirlər də Bakıda toplaşacaq. Cənub-Şərqi Avropadan olan həmkarlarımız da burada olacaqlar. Ümid edirik ki, diversifikasiya planlarının konkretləşdirilməsində mühüm irəliləyiş əldə edə biləcəyik. Azərbaycandan daha çox təbii qazın alınması Mərkəzi Avropada yeni təbii qaz mənbələri baxımından ən real ssenaridir”, – o yazıb.
Qeyd edək ki, Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində Nazirlərin 9-cu iclası və ilk dəfə Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində Nazirlərin 1-ci iclası keçiriləcək.
Tədbirdə Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simsonun, Türkiyə, İtaliya, ABŞ, Böyük Britaniya, Gürcüstan, Macarıstan, Rumıniya, Bolqarıstan, Yunanıstan, Albaniya, Moldova, Monteneqro, Serbiya, Ukrayna və Xorvatiyanın yüksək səviyyəli nümayəndələrinin iştirakı nəzərdə tutulur.
XXI əsrin ən böyük layihələrindən biri olan Cənub Qaz Dəhlizi dörd seqmentdən – “Şahdəniz Mərhələ-II”, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP qaz boru kəmərlərindən ibarətdir. Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısına hər dəfə Azərbaycan ev sahibliyi edir.