..Vətən uğrunda canından keçməyə hazır olan keçmiş döyüşçülərə zaman keçdikcə məmur etinatsızlığı və laqeydliyi bağışlanılmaz haldır…
Axı necə ola bilər ki, canını Vətənə qurban deyən oğullara indi adi bir iş yerini rəva görmürlər???
Bu məzmunlu şikayətlərdən biri Neftçilərin Hüquqlarının Müdafiəsi Birliyinə və surəti “Təzadlar” qəzeti redaksiyasına daxil olub. Aşağıda kiçik düzəlişlərlə təqdim edirik:
-Axşamınız xeyir, Mirvari xanım! Salam, hörmətli redaksiya!
Özüm barədə sizə ətraflı məlumat verim. Mən Mehdiyev Bəhman Yaşar oğlu, Siyəzən şəhərində anadan olmuşam. Özüm 1-ci Qarabağ müharibəsinin iştiraksıyam. Müharibə veteranıyam. 4 il bacardığım qədər Vətənə borcumu yerinə yetirmişəm. Hal -hazırda qardaşımın adına olan Siyəzən şəhər T.İsmayılov- 20, mənzil 8-də həyat yoldaşım və 3 övladımla birgə qeydiyatdayıq. Övladlarımın Ali məktəbə qəbul olunmasına görə bu günə kimi Bakı şəhərində ailə olaraq kirayədə yaşayırıq. Onu da deyim ki, 1998-ci ilin fevral ayından Siyəzən NQÇİ-nin yeraltı təmir sexində operator vəzifəsində çalışmışam. 2005-ci ilin aprel ayında iş vaxtı başıma təxminən 5-6 metr hündürlükdən ağır boru düşüb və başımda kaska olmağına baxmayaraq çox ciddi ağır xəsarət almışam. Allahın izni və həkimlərin səyi nəticəsində həyatda qalmağı bacardım. Uzun müddət xəstəxanalarda, hətta 3 ay Qubadakı psixi dispanserdı müalicə almışam. Uzun müddət müalicə almağıma baxmayaraq səhhətimdə heç bir irəliləyiş olmadığına görə 2006-cı ilin aprel ayından mənə TSEK tərəfindən 2-ci qurup 80% əmək qabiliyətimi itirdiyimə görə əlillik təyin olundu. 2016-cı ilin aprel ayına kimi hər il fasiləsiz olaraq TSEK-in qərarı ilə əlilliyim uzadılırdı. 2016-cı ilin aprelində növbəti müayinə vaxtı əlilliyim birbaşa 5 il olaraq 2021-ci ilin aprelinə kimi uzadıldı. Göründüyü kimi, fasiləsiz olaraq 15 il 2-ci qurup 80% iş qabiliyyətimi itirdiyimə və xəsarətə görə əlil kimi pensiya almışam. Artıq 1 il 10 aydır ki, pensiyamı kəsiblər. Uzun müddətdi ki, süründürməciliklə üzləşirəm. İnsanı həyatdan bezdirirlər. Ailədə maddi vəziyyətimiz çox acınacaqlıdır. Təkcə 80 manat veteran pulu alıram. Bir ata kimi övladlarımın qarşısında utanıram. Sizdən keçmiş döyüşçü qazi kimi artıq dərəcədə xahiş edirəm ki, heç olmasa, mənim əvvəlki işimə qayıtmağıma köməklik göstərəsiniz. Vacib deyil ki, mütləq əvvəlki peşəm olsun. Fərq etmir dənizdə, ya quruda. Əsas odur ki, ailəmə övladlarıma çörək qazanım. Qarşılarında xəcalət çəkməyim. Ümid edirəm ki, çox insanlara olduğu kimi, mənim də əvvəlki işimə qayıtmağımda köməklik edəcəksiz”.
Redaksiyadan: ustad Bəxtiyar Vahabzadınin “Bir salama dəymədi?!” şeirini xatırlamalı olduq… Doğrudanmı aidiyyəti qurumların rəhbərlərinə canını Vətənə qurban deyərək düşmənlə açıq döyüşə getmiş Qarabağ qazisinə bu xidmətinə görə adi bir fəhləlik də dəymir?! Bu o demək deyilmi ki, indi 44 günlük Vətən Müharibəsi qaziləri ilə həvəslə şəkil şəkdirən məmurlar bir neçə ildən sonra onlara da 1-ci Qarabağ müharibəsi qazilərinə etdikləri laqeyidliyi nümayiş etdirəcəklər… Təəssüflər olsun! //tezadlar.az//