Babək rayon Nehrəm qəsəbə 3 saylı orta məktəbində ötən il baş verən qəza ilə bağlı cinayət işi başlanılıb. DİA.AZ bildirir ki, bu haqda “Gündəlik Naxçıvan”a qəza nəticəsində həlak olan fəhlələrin ailə üzvləri məlumat verib. Hadisə baş verdikdən dərhal sonra, Naxçıvan Prokurorluğu araşdırmalara başlamışdı. Lakin, bir müddət sonra, cinayət işinin rədd edilməsi ilə bağlı qərar çıxarılmışdı.
Zərərçəkənlər deyir ki, onların yenidən etdiyi müraciətlərdən sonra, 222. 4 maddəsi ilə cinayət işinin başladılmasına qərar verilib. Bu maddə ilə cinayət işi tikintidə təhlükəsizlik qaydalarını pozulması iki və daha çox şəxsin ölümünə səbəb olduqda açılır.
Ötən il martın 31-də baş verən qəzada məktəb binasının bir hissəsi çökmüşdü. Nəticədə, orada işləyən dörd fəhlə həlak olmuşdu. Tikintini Naxçıvan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi aparıb.
Zərərçəkənlər iddia edir ki, Komitə əməkdaşları, qəzanın baş verəcəyini əvvəlcədən bilsələr də, heç bir tədbir görməyiblər.
DİA.AZ qeyd edir ki, ehrəm qəsəbə 3 saylı orta məktəbində ötən il baş verən qəza ilə bağlı cinayət işi başlanılması bir neçə gün əvvəl rəsmən də elan olunmuşdu. Aydın olanı odur ki, kimlərsə bu qəzanın ört-basdır edilməsində maraqlı olub. Hər halda, SIFIR CİNAYƏT devizli Naxçıvanda bu kimi mübhəmlər yetərincədir…
Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq…