Ölkənin bir sıra məktəblərinin binaları hələ də istiliklə təmin olunmayıb. Belə təhsil ocaqlarından biri də Goranboy rayonunda yerləşən S. Ocaqverdiyev adına Tatarlı kənd tam orta məktəbidir. Sözügedən məktəbə qaz xətti çəkilməyib.
Zirveyolu.info bildirir ki, problemlə bağlı Bizim.Media-ya həmin təhsil ocağında övladları təhsil alan valideynlər şikayətlənib. Dediklərinə görə soyuq havalarda istilik sistemi olmayan sinif otaqlarında təhsilin davam etdirilməsi mümkün deyil.
Otaqları isitmək üçün elektrik enerjisi ilə işləyən qızdırıcı cihazlardan isə qənaətə görə çox az istifadə olunur. Bəzən heç qoşulmur.
Şagirdlər istiliyin olmaması ucbatından sinifdə üst geyimlə oturmaq məcburiyyətində qalıb:
“İllərdir ki, bu problem var. Dəfələrlə məktəb rəhbərliyinə və rayon Təhsil Şöbəsinə müraciətlər etmişik. “Gözləyin” deyirlər. Şaxtalı qış aylarında buz kimi sinif otaqlarında dərs keçən uşaqlarımız tez-tez xəstələnir. Qazandığımız 5-10 manatı onların iynə-dərmanlarına xərcləyirik.
Davamiyyət problemləri də çoxalıb. Aidiyyəti qurumlar bu məsələyə niyə biganə yanaşır, anlamırıq”, – deyə valideynlər gileylənib.
Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov Bizim.Media-ya açıqlamasında bildirib ki, balans məsuliyyəti kimi Elm və Təhsil Nazirliyi tərəfindən onlara müvafiq qaydada müraciət olunmalıdır və texniki şərt alınmalıdır:
“Goranboy rayonu ilə bu məsələni dəqiqləşdirdik. Həmin məktəb qazlaşdırılmayıb. Elm və Təhsil Nazirliyini sifarişi ilə həmin təhsil ocağlna qaz xətləri çəkilməli, qazlaşdırma işləri həyata keçirilməli və sayğaclaşdırılmalıdır. Ondan sonra “Azəriqaz” İstehsalat Birliyi tərəfindən bütün kommunikasiyalar çəkilib təbii qazın verilişi təmin olunacaq”.
Qurum rəsmisi əlavə edib ki, təhsil ocağında həm də istilik sistemi qurulmalıdır və ondan sonra qazlaşdırma işləri aparılmalıdır.
Elm və Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehovun isə cavabı belə olub:
“Bununla bağlı müraciətlər olub. Uyğun texniki şərtlər ödəniləndən sonra orada yəqin ki, qaz verilişi olacaq”.
Məsələni diqqətdə saxlayacağıq…