Göyçay şəhəri R. Rza küçəsi 109 ünvanında yaşayan Aşurov Əli Cümşüd oğlu tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a ünvanan yazılı müraciətdə deyilir:
“Mən Aşurov Əli Cümşüd oğlu 2 ildən daha artıq müddətdir Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Aran Regional Mərkəzində (Göyçay Məşğulluq Mərkəzi) özünəməşğulluq proqramına qoşulmuşdum. Lakin, bu vaxt ərzində daşdan səs çıxdısa, onlardan da xəbər gəldi deyərdim. Hansı ki, məndən xeyli sonra qeydiyyatdan keçən şəxslər vardır ki, istədikləri mal-qara və ya avadanlıqlarla təmin edilməkdədir. Mən isə boş ümidlərdən əl çəkərək yenidən Göyçay Məşğulluq Mərkəzinə müraciət etdim. Bu dəfə işıq, qaz, su, yaxud da kommunal idarələrin birində işləmək istədiyimi bildirdim. Mərkəzin Nizami adlı əməkdaşı adımı qeydiyyata saldı və hələki mənə növbə çatmasının mümkünsüzlüyünü bildirdi. Həqiqət budur ki, hər kim onlara sərf edən adamdırsa, ya da arxa-dayağı varsa, yəni tapşırılıbdırsa, həmin şəxslər üçün yaşıl işıq yanır. Mənim kimi gündəlik 1 tikə yavan çörəyə möhtac olan, övladları uğrunda özünü daşa-kəsəyə vuran, 100 ildən qalmış köhnə və qəzalı evdə yaşayan çarəsiz insanlara gəldikdə isə, növbəni gözlə deyirlər.
Sizə özüm və yaşam tərzim haqqında məlumat verərək bildirmək istəyirəm ki, ailəliyəm və 2 körpə övladım var. Mən gənc olanda atam vəfat edib. Öncə qeyd etdiyim kimi, yüz ildən qalmış köhnə və qəzalı evdə yaşayırıq. Rayonda fəaliyyət göstərən dövlət idarələri və ya təşkilatlarında iş yoxdur deyirlər. Göyçay Məşğulluq Mərkəzinin əməkdaşı Nizami başda olmaqla, orada hər kəs mənə saymamazlıq edir, vəziyyətimin olduqca acınacaqlı olmasına baxmayaraq məsuliyyətsiz yanaşırlar. Gözümü açandan eşidirəm ki, filankəslər adlarını yuxarıda qeyd etdiyim idarələrə yazdırıb, evində otura-otura havayı maaş alırlar. Məgər mən də bu ölkənin vətəndaşı deyiləmmi? Üstəlik onlardan fərqli olaraq gündəlik çıxmaqla, əlimin zəhməti ilə qazanıb, halal yemək amacındayam. Siz “Dövlət hər bir vətəndaşına sahib çıxır” deyirsiniz. Xəbəriniz varmı ki, Nizami kimi “məmur”lar laqeyd, birtərəfli, məqsədyönlü davranışları sayəsində biz vətəndaşlarda dövlətə qarşı yalnış fikirlər yaratmaqdadırlar. Onların ücbatından iki çıxış yolundan birini seçməyə məcburam: Ya vətəndaşlıqdan imtina edərək xarici səfirliklərdən kömək istəməliyəm, ya da ki, intihar etməliyəm. Birinci seçim dövlətimin şanına xələl gətirəcəyindən, ikinci seçimim, yəni öz canıma qıymağım isə məni əbədi Cəhənnəm əhli edəcəyindən qorxuram.
Siz, məmurları təyin etdiyiniz zaman “Vətəndaşlara sahib çıxın, xalqa olan xidmətinizdə ədalət prinsipini rəhbər tutun” əmr etdiyiniz vəzifəli şəxslər sanki biz kasıbların qanına, malına susayıblar, elə bil ya biz azərbaycanlı deyilik, ya da onlar bizdən deyillər. Ən pis olan odur ki, həmin özbaşınalıqlar edən “məmur”lar həqiqətləri Sizdən gizlətməyə çalışırlar.
Sizdən çox xahiş edirəm, müraciətimi oxuyan kimi təcili olaraq sözü gedən idarələrin birində işlə olunmağıma köməklik göstərəsiniz.”
İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq…