Zirveyolu.info Bizim.Media-ya istinadla xəbər verir ki, qışın oğlan çağında Zaqatalanın Uzuntala kəndində içməli su qıtlığı höküm sürür.
Kənddə 6 subartezian quyusu olsa da onlardan yalnız biri işləyir. 700 nəfər kənd sakinin yeganə ümidi təkcə bu artezianadır ki, o da yaşayış məntəqəsindən xeyli aralıda yerləşləşir. Sakinlər hər gün bu arteziandan su daşımaq üçün min bir əziyyət çəkməli olurlar.
Kəndin mərkəzindəki ən sonuncu artezian quyusu 12 il əvvəl qazılıb. Artıq bu artezianda su quruyub. Kənd sakini Ramazan Muradov bildirir ki, su daşımaq üçün hər gün bir necə saat vaxt itirməli olur. “Kənd sakinləri çox çətinliklər çəkirlər. Evlərdə su yoxdur, çətin vəziyyətdəyik”.
Kənd sakini Ramazan Nəsibov bildirir ki, işdən sonrakı vaxtını ancaq su daşımağa ayırır.
“Kəndimizdə 6 dənə artezian var idi. İndi biri işləyir. Bir artezian bizim tələbatımızı ödəmir. İşləməyən artezianların gözü tutulub, təmizlənməlidir. Maşınla nə qədər su daşısaq da təlabatı ödəmir”.
Rəşafətdin Ömərovun ailəsi böyük olduğundan su ilə bağlı qayğıları da böyükdür. Ailə su problemlərini həll etmək üçün ayrıca motosiklet və su çəni alıb.
“Məcbur olub motosikletlə, çənə su daşıyırıq. Hər gün bir ton su daşımalıyıq ki, içməyimizə, yuyunmağımıza çatsın. Təsəvvür edin görün biz nə çətinlik çəkirik”.
İki uşaq anası Süsən Nəsibova deyir ki, onun qayğıları daha çoxdu. “Evin problemi təkcə su deyil axı. İki körpə uşağım var, məktəbə gedir. Birmirəm onların problemləri, dərsləri ilə məşğul olum yoxsa su daşıyım. Dedik bəlkə qışda su gələr, yağışlar yağar… Yox yenə eyni şeydir. Gedib çaydan su daşıyırıq, bidonla, butulkalarla. Yayda vəziyyətimiz daha dözülməz olur”.
Rayon su-kanal idarəsinin rəisi Samir Hüseynov bildirdi ki, kənddəki 6 arteziandan yalnız biri onların balansındadır. “Həmin artezian 3 ildir işləmir. Bizə hər hansı müraciət daxil olmayıb”- deyə Samir Hüseynov məsuliyyətdən yayınmağa çalışdı.
Məsələ ilə əlaqədar rayon icra hakimiyyətindən isə bildirildi ki, Uzuntala kənd sakinlərinin su problemi ilə bağlı müraciətlər onlara daxil olub və artezianların təmizlənməsi üçün həmin müraciətlər regional təşkilatlara yönləndirilib.
Xatırladaq ki, bundan əvvəl Zaqatalanın Yuxarı Tala və Aşağı Tala kəndlərindəki susuzluq problemini də işıqlandırmışdıq. Su məsələsi, ümumiyyətlə, rayonun əsas problemlərindən biridir.