Adam oğurlayaraq işgəncə verən keçmiş idmançımızın məşqçisi: “Atası deyirdi ki, pul lazımdır”
Xəbər verdiyimiz kimi, Bakı sakini Hüseyn Əsgərov 25 min manat borcu olduğu üçün Aygün Abbasovanın sifarişi ilə kriminal dəstə tərəfindən oğurlanıb, işgəncə verilib. Faktla bağlı beş nəfər tutulub.
Zirveyolu.info oxu.az-a istinadən xəbər verir ki, tutulanlardan biri 1992-ci il təvəllüdlü Sumqayıt sakini, gənclər üzrə cüdo millimizin sabiq üzvü Fəqan Eminoğlu olub.
Fəqan 2009-cu ilin sentyabrında Ermənistanın paytaxtı Yerevanda keçirilmiş gənclərin cüdo üzrə Avropa çempionatında beş medal qazanan idmançımızdan biri idi.
Onun niyə idmandan ayrı qalması ictimaiyyətdə maraq doğurur. Fəqanın sağlam idmanı ataraq kriminal fəaliyyətlə məşğul olmasının səbəbi nədir? Elə bu müstəvidə yola çıxaraq onun Sumqayıtda ilk məşqçisi olmuş Ceyhun Əliyevlə danışdıq. Məşqçisi bildirdi ki, onun idmanı atmağına səbəb pulsuzluq olub:
“Onun tutulmağından xəbərim var, saytınızdan oxumuşam. Açığı, onunla əlaqəm qalmayıb. 2009-cu ildə Yerevanda Avropa çempionatında bürünc medal qazandıqdan sonra əsgərliyə getdi. Ordan qayıtdıqdan sonra atası mənim yanımdan çıxarıb “Dinamo” İdman Cəmiyyətinə qoydu.
Səbəb də bu oldu ki, mən idmançıya pul vermirdim. Atası taksi sürücüsüdür. O deyirdi ki, uşağı saxlaya bilmirəm, pul lazımdır. Ona görə də onu hər hansısa kluba qoymaq istəyirdi. Mən özüm zirzəmidə yaşayan insanam, ona pul verə bilməzdim. Açığı, atasının bu hərəkəti mənə pis təsir etdi.
Amma sonra “Dinamo”dan da ayrıldı, məşqi buraxdı. Cüdodan pul çıxmadığını görüb idmanı atdı (Haşiyə: həmin illərdə Cüdo Federasiyasının köhnə rəhbərliyi yığma komandanın idmançılarına maaş vermirdi). Sumqayıtda bir dəfə üz-üzə gəldik.
Soruşdum ki, nə işlə məşğulsan? Dedi ki, məşqçi-müəllim işləmək istəyirəm, işə düzələ bilmirəm, hər dəfə “gözlə” deyirlər. Belə ancaq onunla salam-sağolum qalmışdı. O tutulanadək onun belə kriminal hərəkətlərdə iştirak etdiyini bilmirdim. Bildiyim qədərilə bir dəfə Masazırda “Zirvə” idman klubunda işlədi, amma idmançı yığa bilmədiyi üçün oradan da ayrıldı.
İdmanı atmasaydı, Fəqan bu dəqiqə yaxşı nəticələr qazana bilərdi. O, 66 kq çəki dərəcəsində hazırda millimizin üzvü, Olimpiya ikincisi olan Rüstəm Orucovu Azərbaycan çempionatında məğlub edirdi. Təəssüf ki, belə bir idmançı karyerasını maddiyyata görə başa vurdu”.
Məsələ ilə bağlı cüdo üzrə gənclər millimizin sabiq baş məşqçisi Fərhad Məmmədovla da əlaqə saxladıq. Onun tutulduğunu televiziyadan öyrəndiyini deyən Məmmədov onunla əlaqəsinin qalmadığını söylədi:
“Fəqanla iki il işləmişəm. Bu, 2009-2010-cu illərdə olub. Bizdə yığmada olan müddətdə çox güclü idmançı idi. Gənclərdə həmişə final görüşlərinə çıxırdı, medallar qazanırdı. Bizdən sonra böyüklər millisinə keçdi. Amma bundan sonra ondan məlumatım olmadı”.