Cəmiyyət

Nazir küçədə piyadaları cərimələyən post-patrul əməkdaşlarının səlahiyyətlərinə xitam verib

Paytaxtın küçə və prospektlərində piyadaların hərəkətinə nəzarət edən, bu zaman yolu müəyyən olunmamış yerdən keçənləri saxlayan post-patrul xidmətinin əməkdaşları gözə dəymir. Bu nə ilə əlaqədardır?

Oxu.Az-ın məlumatına görə, jurnalistlərin suallarını cavablandıran Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, ötən ilin mart ayından Daxili İşlər nazirinin əmri ilə piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulmasının qarşısının alınması məqsədi ilə Bakı şəhərinin rayon polis idarələrinin, eləcə də, respublikanın digər şəhər və rayon polis orqanlarının post-patrul xidməti əməkdaşlarına yol patrul xidməti inspektorlarına aid olan səlahiyyətlər verilib:

“O vaxt belə bir qərarın verilməsinə ehtiyac var idi. Lakin post-patrul xidməti əməkdaşlarının qayda pozanları saxlayaraq, protokollar tərtib etməklə onları cərimələmələri piyadaların vaxt itkilərinə, bəzən də narazılıqlarına səbəb olurdu. Bütün bunları nəzərə alan Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov bu günlərdə müvafiq əmr imzalayıb.

Əmrə əsasən, post-patrul nizami hissələri əməkdaşlarına verilmiş yol-patrul xidməti inspektorlarına aid olan səlahiyyətlərə xitam verilərək qanunla müəyyən olunmuş vəzifələrinin icrasını davam etdirmək üçün onlar daimi xidmət yerlərinə qaytarılıblar.

Eyni zamanda, V.Eyvazov insanların həyatını, təhlükəsizliyini yol-nəqliyyat hadisələrindən daha etibarlı qorunması və bu sahədə nəzarətin müasir texniki vasitələrin imkanlarından geniş istifadə edilməklə həyata keçirilməsi barədə Daxili İşlər Nazirliyinin aidiyyəti qurumlarına müvafiq tapşırıqlar verib”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir