Bakı-Qazax yolunun Ağstafa rayonundan keçən hissəsində minik avtomobili ilə yük maşınının toqquşması nəticəsində 1 nəfər minik avtomobilində sıxışmış vəziyyətdə qalıb.
“Zirvə yolu” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağstafa rayonunda (Bakı-Qazax avtomobil yolunun 465-ci kilometrliyi) yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “ВАЗ” markalı minik avtomobili və “MAN” markalı yük avtomobili toqquşub, 1 nəfər minik avtomobilində sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti zədələnmiş nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.