İdman

Azərbaycan millisinin qapıçısı: “Klubumdakı qolların davamını millidə gətirmək istəyirəm”

“Klubumda vurduğum qolların davamını millinin heyətində Yunanıstan və Polşa önündə də gətirmək istəyirəm”.

“Zirvə yolu” xəbər verir ki, bunu futzal üzrə Azərbaycan millisinin qapıçısı Rövşən Hüseynli baş tutan açıq məşqdə jurnalistlərə açıqlaması zamanı deyib.

32 yaşlı qolkiper Qazaxıstanın “Atırau” klubunda tez-tez qol vurmasını baş məşqçinin qurduğu taktika ilə əlaqələndirib: “Qollar vurmağım çıxış etdiyim klubda üzərində işlədiyimiz müəyyən taktikanın bəhrəsidir. Əslində illərdir bu taktika üzərində çalışırdım. Ancaq burada olduğum zaman baş məşqçi bundan istifadə etmirdi. Klubumdakı görüşlərdən sonra bəlkə buna uyğun bir fikir formalaşar. Kollektivə bu gün qoşulmuşam, komandanın hansısa taktika üzərində işlədiyini bilmirəm. Əgər baş məşqçi belə taktikadan yararlanmaq istəsə, bunları yerinə yetirmək istəyirəm”.

O, DÇ-2024-ün əsas mərhələsində Yunanıstan və Polşa ilə keçiriləcək matçlardakı hədəflərindən də bəhs edib: “Yunanıstanla görüşə qələbə üçün çıxacağıq. Çünki bu baş verərsə, Polşa ilə səfər matçında bizə heç-heçə də qane edəcək. Belədə rəqib bizim üzərimizdə qələbəni fikirləşəcək. Yunanıstanın iddiasının olmamasının bizdə arxayınlıq yaratması məsələsi futzalçılar üçün düzgün yanaşma olmaz. Heç bir komanda zəif deyil. Yunanıstan yığması yoldaşlıq görüşü keçirib, bizimlə matça maksimum dərəcədə hazırlaşıb. Qarşılaşmanın nəticəsi təkcə növbəti mərhələyə vəsiqə qazanmaq yox, reytinq xalına təsir baxımından da vacibdir. Peşəkar futzalçı belə yanaşma etməməlidir”.

Qeyd edək ki, Azərbaycan millisi martın 3-də Bakıda Yunanıstanla, 7-də isə səfərdə Polşa ilə üz-üzə gələcək.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir