Güney Azərbaycanın Həmədan bölgəsində geoloji-kəşfiyyat işləri nəticəsində ilk dəfə litium yatağı aşkarlanıb.
“Zirvə yolu” “Fars” agentliyinə istinadən xəbər verir ki, bu barədə İran Sənaye Nazirliyinin Geoloji Kəşfiyyat İdarəsinin baş direktoru İbrahim Əli Mollabeygi fevralın 28-də bildirib.
Onun sözlərinə görə, yatağın ehtiyatları 8,5 milyon ton filiz səviyyəsində qiymətləndirilir: “Həmədanda ilk litium yatağının kəşfi əyalətdə başqa qiymətli metallar yatağının aşkarlanmasına ümidi artırır”.
Qeyd edək ki, litium ehtiyatlarına görə, Boliviya (21 milyon ton), Argentina (19 milyon ton), Çili (9,6 milyon ton), Avstraliya (6,4 milyon ton) və Çin (5,1 milyon ton) iderdir.
Xatırladaq ki, litium keramik və şüşə istehsalında, batareya istehsalında, sürtkü və ərinti sərtləşdirici maddələrin tərkibində, “A” vitamini sintezində, nüvə stansiyalarında soyuducu mexanizmlərdə və raket itələyici qüvvə təmin edilməsində istifadə olunur. Bəzi litium birləşmələri, beyin xəstəlikləri və psixoloji xəstəliklərin müalicəsində istifadə edilən dərmanların tərkibində də var.
Yüksək reaksiya qabiliyyətinə görə təbiətdə litiuma yalnız birləşmələr şəklində rast gəlinir. Litium nadir elementdir. Litium yer qabığında nisbətən az (0,006 faiz) yayılan element olduğuna baxmayaraq, indiyə kimi onun 150-dən çox mineralda (xüsusilə natrium və kaliumla bir yerdə olmaqla, alümosilikatlarda) varlığı müəyyən edilib. Litiuma bir sıra mineral sularda da rast gəlinir. Belə suların bəzilərindən hətta litium istehsalında bir mənbə kimi istifadə olunur.